BAKI, 31 oktyabr — Sputnik. Ağdamın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid "Atletiko"su ilə səfər oyunu ərəfəsində mətbuat konfransı keçirib.
"Qarabağ"ın baş məşqçisi "Atletiko"nu həmişə qalib gəlmək istəyən komanda adlandırıb.
"Bilirik ki, güclü komandaya qarşı oynayacağıq. Onlar birinci oyunda güclərini göstərdilər və bizə bu dəfə çox çətin olacaq. Sonadək mübarizə aparmağa çalışacağıq. Belə bir stadionda belə bir komandaya qarşı oynamaq bizim üçün böyük təcrübədir" — deyə Qurbanov bildirib.
Baş məşqçi komandanın heyətinə ciddi itkilər olduğunu xatırladıb.
"Həm də rəqib görüşə həlledici oyun kimi baxır. Meydançada hər şeyi düzgün eləmək və aqressiv olmaq lazımdır. Əsas rəqibdən qorxmamaqdır" — məşqçi vurğulayıb. Onun sözlərinə görə, əgər nəzərdə tutulanları həyata keçirmək mümkün olarsa, "Qarabağ" istədiyi nəticəni əldə edəcək.
"Biz çox diqqətli olmalıyıq. Bakıda "Atletiko" bir neçə qol imkanını əldən verdi. Onlar yalnız bir oyunda uduzublar — "Çelsi"yə. Bu onların gücünü göstərir. Onlar aqressiv olacaqlar. Oyunda bizə hansı sürpriz hazırladıqlarını görəcəyik. Biz müdafiədə soyuqqanlı olmalıyıq və inanıram ki, futbolçularım bunun öhdəsindən gələcəklər" — Qurbanov qeyd edib.