(Əvvəli birinci yazıda)
BAKI, 18 oktyabr — Sputnik. İrəvan Teatrından ucalan şikayətlər, yaradıcı heyətin üsyan səsləri davam edir.
Aktyor Əjdər Zeynalovun dediklərindən: "Yuxarı orqanlar teatrın daxili proseslərini görmür. Direktor nə hesabat versə, səlahiyyətli qurumlar da ona inanır. Əlbəttə, teatrın direktoru öz mənfi hərəkətlərini bu hesabatda göndərmir. Mən ona görə istəyirəm ki, bu məsələ mediada qabardılsın və direktor İftixar Piriyevin əməlləri ifşa olunsun. Hələ bundan illər əvvəl xalq artisti Tariyel Qasımov öz müsahibəsində İftixar Piriyevin haqsızlıqlarından, qanunsuz əməllərindən danışmışdı. Mən tək deyiləm. Amma nədənsə illərdir ki, o, bu vəzifədə qalır. Madam ki, ona inanıblar, ona etibar ediblər, o da özünü doğrultsun da. Mən 1989-cu ildən İrəvan Teatrının aktyoruyam. Otuz illik təcrübəm var teatr sahəsində. Onun 25 ili İrəvan Teatrı ilə bağlıdır. Axı, məni hansı əsasla teatrdan xaric edir? Bizim teatr qəzalı vəziyyətdədir. Əgər İftixar Piriyev teatrı sevən insan idisə, 17 illik fəaliyyəti boyunca bu teatrın təmiri üçün səy göstərərdi. 17 ildən sonra indi başlayıb bir-iki yeri düzəltməyə, o da göstəriş üçün. Axı, bu qədər müddət İftixar Piriyev bu teatr üçün nə edib?"
Son dönəm "teatr" sözü televiziya verilişlərində də tez-tez hallanır. Bir aparıcı teatrların sökülməsini, azaldılmasını təklif edir, bir başqa şou verilişində iştirakçı aktrisaya "teatral" deyib təhqir edir. Yazıq teatr ikicə dəfə yerli teleməkanın yadına düşə, onda da bu cür hallana adı.
Şekspir teatr qurdu, teatr yaratdı və aktyorlara "zamanın güzgüsü" dedi. Ona görə də əsrlərdir ki, əsərləri ölkə-ölkə, şəhər-şəhər dolaşır. Tarix onu unutdurmur, nəsillər onu şüurdan-şüura ötürür. Məhz bizim gündəmdə olan sözdə sənətçilərimiz teatrların sökülməsini istədiyinə görə, aktyorlara "teatral" ifadəsini təhqir üçün dediyinə görə bizim Şekspirimiz yoxdur.
Elə ölkənin mədəniyyət sahəsindəki ümumi vəziyyət də İrəvan Teatrındakı vəziyyətdən fərqlənmir. İrəvan teatrının kollektivi mədəniyyət naziri Əbülfəs Qarayevə şikayət ərizəsi yazıb. Kim kimdən kimə şikayət edir? Bu ərizə teatr aktyorlarının, aktrisaların, rejissorların birgə şikayəti ilə yazılıb. Əsas məsələ budur: Teatrın 17 illik, hər kəslə bildiyi kimi davranan direktorunun qanunsuz əməlləri haqqında, ixtisasca ingilis dili müəllimi olan mədəniyyət nazirinə yazılan şikayət ərizəsidir bu.
Ərizədən bir hissə:
"Hörmətli Əbülfəs müəllim!
Teatrın son illər repertuarını diqqətlə analiz etdikdə bəlli olur ki, direktor İftixar Piriyev bu sənət ocağını özünün şəxsi gəlir mənbəyinə çevirmək siyasətini yürüdüb. Dramaturji və bədii cəhətdən zəif "Qurtuluş dastanı", "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı", "Eşqin tikan dərəsi", "Qarışqalar yuvasını dəyişmir", "Arı yuvası", "Nurlu ömrün anları", "Azərbaycan bayrağı", "Qalx ayağa, Azərbaycan", "Soyqırımı tarixinin dastanı", "Böyük Turanın himni" tipli potetik əsərlərin müəllifi direktor İftixar Priyevdir. Bildiyimiz kimi dünyanın inkişaf etmiş ölkələrində görkəmli dövlət xadimləri haqqında dramaturji baxımdan yazılan əsərlərə dövlət komissiyası tərəfindən rəy veriləndən sonra, həmin əsərlər kinoya çəkilir və ya teatrlarda tamaşaya qoyulur. İftixar Piriyev isə, nə dövlət qanunlarına, nə də mütəxəssislərin rəyinə əhəmiyyət verərək, öz bildiyi kimi əsərlər yazaraq zorakılıq metodu ilə, onları teatrın kollektivi tərəfindən oynamağa hər kəsi məcbur edir.
Dəfələrlə bildirib ki, özü tərəfindən Heydər Əliyev haqqında yazdığı cılız, bədii cəhətdən zəif olan əsərlərini, guya Mədəniyyət və Turizm Nazirliyinin rəyi və qərarı əsasında hazırlamalıyıq. Halbuki, ümmilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında yazılan hər bir ciddi əsər Sizin rəhbəri olduğunuz Mədəniyyət və Turizm Nazirliyinin rəyi əsasında tamaşaya qoyula bilər. Direktor kimi İftixar Piriyev dəfələrlə kollektivin qarşısında bunları da bildirib: "Mən doqquz dəfə nazirliyə istefa ərizəsi vermişəm və istefam qəbul olunmayıb. Teatrın ağası mənəm. Kimsənin ixtiyarı yoxdur ki, buradan məni işdən çıxara bilsin. Bu teatr mənim halal mülkümdür" və sair ibarələrlə çıxış edib".
Teatrların repertuarındakı məmur hegemonluğu təkcə İrəvan Teatrında deyil, ölkənin başqa teatrlarında da hökm sürür. Teatr Xadimləri İttifaqının gənc dramaturqlara belə bir şablon cavabı var: "Bizim teatrlarda Elçinin, Əli Əmirlinin əsərləri tamaşaya qoyulur. Sənin əsərini kim, niyə səhnələşdirsin?"
İndi İrəvan Teatrında da klassik dramaturqların, dünya dramaturqlarının və gənc dramaturqların əsərlərini səhnələşdirmək üçün əvvəlcə ölkənin ümumi teatr mühitindəki bu məmur müəllif hegemoniyasına son vermək lazımdır. Axı, bu teatrlar rəsmi şəkildə kiminsə mülkiyyətinə keçirilməyib? Yoxsa İftixar Piriyev də başqa məmurlar kimi belə bir cəfəngiyyata inanıb?
Bir müddət əvvəl teatrdan kənarlaşdırılan aktyorlardan daha birinin (öz xahişi ilə adını qeyd etmirik — red.) dediklərindən: "Mən İrəvan Teatrında 3 ay işlədim. Bu müddət ərzində iki rola dəvət aldım. Biri "Min möhtəşəm günəş" tamaşasında, biri də "Vəfalı Səriyyə" tamaşasında. Mən teatra gələndə artıq bu tamaşalar demək olar ki, hazır idi. Lakin mənim də teatrda işim olsun deyə, mənə rejissorlar kütləvi səhnələrdə rol verdilər. Buna rəğmən direktor İftixar Piriyev tez-tez mənə istedadsız olduğumu, işləyə bilmədiyimi deyirdi. Halbuki, məni heç vaxt hansısa rolda görməmişdi. Özündən də soruşdum ki, mənim istedadsız olduğumu hardan bilir? Dəfələrlə kollektivlə sərt, kobud, qeyri-etik şəkildə danışıb. Mən özüm bunlara şahid olmuşam. Sonda da heç bir söz demədən məni işdən çıxardı. Hələ də tutarlı səbəb deməyib, amma mən bilirəm ki, İftixar Piriyev yalnız özünə sərf edən, ona yaltaqlanan adamları işə götürür. Mən çalışdığım üç ay ərzində bunu etmədiyim üçün məni işdən çıxarıb. Sonralar teatrdan başqa adamların getməsi də bu faktı təsdiqlədi".
Əgər İrəvan Teatrının kollektivində Mədəniyyət və Turizm Nazirliyinə səslənmək üçün ümid qalıbsa, nə xoş. Amma qulağıma məşhur teatr tənqidçisi Valter Benjaminin səsi gəlir: "Əgər əlimizdə ümid deyə bir şey qalıbsa, bu, ümidsizlik deməkdir!"
Sənəti, sənət insanını bu cür alçaltmaq, bu cür möhtac hala salmaq heç vaxt yaxşı olmayacaq. Çünki bu gün kresloya zəli kimi yapışıb özünü firon hesab edənlərin heç biri tarixdə qalmayacaq, amma bu sənətkarların hamısını tarix nəsildən nəsilə ötürəcək. Vay o gündən ki, bu sənətkarlar sizin adınızı öz mənfi qəhrəmanlarının sırasında çəkə. Bəşər sizə əsrlər boyu lənət oxuyacaq! Qorxun! Bu lənətdən qorxun! Şəsxən mən sizin adınıza qorxuram!