BAKI, 15 sentyabr — Sputnik. İrəvan Azərbaycan Dram Dövlət Teatrının aktyorları bu dəfə ictimaiyyətin diqqətini özünə yeni tamaşalarla deyil, son bir neçə gündə müzakirələrə səbəb olan qeyri-adi insidentlə cəlb ediblər. Azərbaycan KİV-də yayılan informasiyalara görə, bir neçə qadın (teatrın texniki işçiləri) naməlum səbəbdən gənc aktyor Elçin Hacının üstünə hücum çəkərək onu döyüblər.
Sputnik Azərbaycan-ın əməkdaşı tərəflərlə görüşüb aydın olmayan insidentin əsl səbəblərini ayırd etməyə çalışıb. Elçin Hacı qeyd edib ki, bu situasiyada yeganə zərərçəkmiş şəxs odur. Onun sözlərinə görə, direktor İftixar Piriyev tərəfindən öyrədilib göndərilmiş teatrın işçiləri onun otağına giriblər və müxtəlif sözlərlə onu təhqir etməyə başlayıblar.
"Onlar yumruqları ilə mənim üstümə atıldılar. Mən çətinliklə onların öhdəsindən gəldim. İnsidentdən sonra teatrın direktoru və həmin qadınlar mənə qarşı təhqirləri dayandırmadılar. Bu dəfə isə təhqir direktorun otağında baş verirdi. Bütün bunlardan sonra mən özümü pis hiss etməyə başladım və dəhlizə çıxmaq qərarına gəldim. Orada isə huşumu itirib yıxılmışam və başım daş pilləkənə dəyib" — deyə Hacı bildirib.
Təcili Tibbi Yardım Xidməti aktyora tibbi yardım göstərmək üçün onu "Semaşko" xəstəxanasına aparıb. Onun sözlərinə görə, yaxşı ki, hər şey keçib və o, başından zədə almayıb. Hazırda aktyor teatra gedir və qorxur ki, hər dəqiqə direktor Piriyev və komandası ona yenidən iftira atacaq.
Teatrın rəhbərliyi isə qeyd edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları teatra gələrək baş vermiş insidentin səbəblərini müəyyənləşdirməyə çalışırlar. Teatrın işçiləri Elçin Hacının sözlərini təkzib ediblər və bildiriblər ki, o, zərərçəkmiş tərəf deyil, əksinə, davanı törədəndir. Onların sözlərinə görə, özləri də başa düşmürlər ki, aktyor niyə ortalığı qarışdırıb.
"İnsident baş verən zaman onun yanında heç kəs olmayıb. O, özü yıxılıb və təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Sonra isə xəstəxanadan evə buraxılıb və onun səhhətində heç bir problem yaranmayıb" — deyə teatrdan bildiriblər.
Teatrın əməkdaşlarının fikrincə, Elçin Hacı bütün bu səhnəni ona görə qurub ki, teatrın rəhbərliyinin onu işdən qovacağını düşünüb: "Lakin bu, heç də belə deyil. Aktyor cəzalandırılmayacaq və öz işini davam etdirəcək".
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, onlar bu məsələ ilə məşğuldurlar. Əmindirlər ki, İrəvan teatrının direktoru Piriyev öz işçiləri ilə münasibətlərdə düzgün mövqe tutacaq, arada olan bütün problemləri həll edəcək və belə hallar bir daha təkrarlanmayacaq.