BAKI, 18 oktyabr — Sputnik. Qalmaqallı Azərbaycan müğənnisi Maraq Tahirqızı cəzasının üçdə ikisini çəkəndən sonra həbsxanadan azadlığa buraxılıb. Müğənni 2015-ci ildə AR Cinayət Məcəlləsinin 244-cü maddəsi (əxlaqsızlıq yuvaları saxlama) ilə üç il müddətinə azadlıqdan məhrum edilib. O, Sputnik Azərbaycan-a həbsxana həyatı və gələcək planları barədə müsahibə verib.
— Maral xanım, həbsxana sizi necə dəyişib?
— Deməzdim ki, həbsxana məni necəsə dəyişib. O, mənə mənfi təsir göstərib, çünki orada təkcə yaşamırsan, həm də əzab çəkirsən və çıxıb getmək istəyirsən. Mənim hisslərimi yalnız o həyatı yaşayan bilər. Allah eləməsin, kimsə ora düşsün. Amma etiraf edim ki, elə adamlar var, həbsxana onların əsl yeridir.
— Siz orada hansı çətinliklərlə üzləşmisiz?
— Çətinliklərim çox olub. Qadınların əksəriyyəti bilirdi ki, mən populyar müğənniyəm. Ancaq deyirdilər ki, onlardan bir fərqim yoxdur. Məni həbsxanadan daha çox iki il ərzində birlikdə yaşamalı olduğum cinayətkarlar qorxudurdu. Nəzarətçilər mümkün olan hər şeyi edirdilər ki, dava olmasın. Amma ora hər gün mənim üçün bir sınaq idi. Dustaqlar arasında müxtəlif səbəblərdən həbsxanaya düşmüş mədəni, tərbiyəli xanımlar da vardı. Mən özüm hər şeyi edirdim və heç kəsin işinə qarışmırdım.
— Ulduzlardan kimsə sizi həbsxanada ziyarət edib?
— Yalnız mənim doğmalarım gəlirdilər. Əsas da böyük bacım. O, demək olar ayda 2-3 dəfə yanıma gəlirdi. Təəssüf ki, həmkarlarım mənim varlığımı belə, unutmaq qərarına gəlmişdilər. Heç özüm də səbəbini bilmirəm ki, niyə. Bir dəfə həbsxanada konsert oldu. Namiq Qaraçuxurlu və bir çox məşhurlar orada idilər. Amma heç kəs mənə yaxınlaşmadı. Ola bilsin, sadəcə tanımadılar. Onların arasında uzun illər qonşum olmuş Tolik də vardı.
— Siz üç il müddətinə azadlıqdan məhrum edilmişdiz, amma sizi daha tez azadlığa buraxdılar. Niyə?
— Hamı mənə bu sualı verir. Düşünürlər ki, mən tez azadlığa çıxmaq üçün nəsə eləmişəm. Amma belə deyil. Əksinə məni gec buraxıblar, bir il bundan əvvəl çıxmalı idim. Naməlum səbəblərdən məni daha bir neçə ay orada saxladılar. Heç bir günahım yox idi, məni aldatmışdılar. Guya, mən el dilində desək, "mama roza"yam və öz evimdə əxlaqsızlıq yuvası saxlamışam. Əgər bu işlə məşğul olsaydım, indi bir neçə mənzilim olardı. Mənimsə cəmi bir evim var və hazırda orada yaşayıram. Həbsxanaya düşməyimə bais olan qadın hələ də azadlıqdadır. Allah hər şeyə görə onun cəzasını verəcək.
— Sizin indi düşmənləriniz var?
— Onlar həmişə var.
— Necə bilirsiz, siz yenidən şou-biznes aləmində öz yerinizi tuta biləcəksiz?
— Şadam ki, Allah məni belə gözəl səslə mükafatlandırıb. Müəllimim həmişə mənə deyirdi ki, bu səslə sən bütün dünyanı fəth edə bilərsən. Əminəm ki, təkcə Azərbaycanı deyil, xarici də özümə heyran etməyi bacaracam.
— Bunun üçün sizə yaxşı pul lazımdır. Pulunuz var?
— Hələlik yoxdur, amma olacaq. Mən ömrüm boyu ticarətlə məşğul olmuşam. Mənim böyük mağazam olub, amma sonra özümü tamamilə mahnılarıma həsr etmək üçün onu satmaq qərarına gəlmişəm. Hətta bunun üçün şəhərin mərkəzinə köçmüşəm. Lakin təəssüf ki, həbs üzündən məqsədimə nail ola bilmədim. Hazırda özümü o gücü hiss edirəm.
— Sizə artıq əməkdaşlıq təklifləri gəlməyə başlayıb?
— Hələlik istirahət edirəm. Məhərrəm ayı başa çatan kimi, yenidən işləməyə başlayacağam. Yeni fotosessiyamı hazırlamaq fikrindəyəm. Əgər məni öz məclislərində görmək istəsələr, toylarda çıxış etmək fikrim var.