BAKI, 16 oktyabr — Sputnik. Həqiqətən, qeyri-adi toplumuq. Nə giley-güzarımızın analoqu var, nə məmurumuzun, nə də problemlərdən çıxış yollarına yanaşmamızın.
Ötən yazıda da barəsində söz açılmışdı deyə, bu dəfə həmin qurumun "bostanına daş atmamaq" fikrindəydim. Sonra, "Bizdən başqasını tanımırsınız" deməsinlər, kampaniya apardığımızı iddia etməsinlər, deyə. Amma olmadı, vallah olmadı. Deyim, niyə…
Deməli, günümüzün xeyli hissəsini zorla əlimizdən qoparan, əsəblərimizi tarıma çəkən tıxac problemindən şikayət etməyən bir Allahın quluna rast gəlmərik. Ağlı başında olan insanlar bu problemdən çıxış yolları təklif edirlər, variantlar axtarırlar. Eləcə də media nümayəndələri yazırlar-pozurlar, araşdırırlar, təhlil edir-etdirirlər ki, bəlkə kimlərinsə yazığı gəlib meqapolis əhalisinin bu dərdinə bir çarə qıla.
KİV-in belə həmlələrindən birini Sputnik Azərbaycan, "Yarımada əhalisinin əzablarına son qoymaq üçün bircə yol var, o da mümkün deyil" başlıqlı yazı ilə edib. Pik saatlarda tamamilə, qeyri-pik saatlarda xeyli dərəcədə tıxac yaşanan Bakı-Sumqayıt yoluna diqqət çəkən jurnalist, mütəxəssisləri danışdırıb. Onlar da deyiblər ki, Bakı-Sumqayıt şosesini abıra salmağın bircə yolu var – alternativ yol çəkmək.
Çıxılmazdan bir çıxış yolu tapdığına sevinən sayt əməkdaşı da, sevincək müvafiq quruma müraciət edib. "Azəravtoyol" ASC-ni məlumatlandırıb ki, "baxın, belə bir həll yolu var, nə deyirsiniz".
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, həmkarını diqqətlə dinlədikdən sonra buyurub: "Bakı-Sumqayıt yoluna yeni bir alternativ yolun çəkilməsi mümkün deyil. Çünki həmin ərazidə uyğun yer yoxdur. Yolboyu yaşayış məntəqələri yerləşir. Hazırda Sumqayıt yoluna alternativ yolun çəkilməsi ilə bağlı heç bir layihə, plan və təklif yoxdur".
Anar müəllimin bu qısa, lakonik, aydın və birmənalı cavabından belə qənaət hasil olur ki, "heç vaxt həll olunmayacaq bu problemin ardınca ora-bura vurnuxub özünüzü yormaqdansa, daha səmərəli fəaliyyətlə məşğul olun". Məsələn, səhər üzü işə, axşam üzü evə doğru tıxacda qaldığınız zaman mürgüləyin, gözünüzün acısını öldürün. Yuxunuz gəlmirsə, girin "Facebook"da dostlarınızın statuslarına "Like" qoyun, "çox sağ ol" qazanın.
Sükan arxasında olanlar, sizin bu kimi faydalı məşğuliyyətə vaxt ayırmaq şansınız yoxdur. Amma başqa üstünlükləriniz var. Tutalım, yük yerinə 10 litr əlavə yanacaq qoyursunuz, sonu görünməyən tıxacda yanacağı qurtarıb yolda qalmış avtomobilin sahibinə iki qatına satırsınız. Ya da nə bilim, bərabərinizdə dayanıb tıxacdan canı sıxılmış xanım sürücünün "Whatsapp" nömrəsini almağa çalışırsınız, ya qismət, bəlkə alındı…
"Azəravtoyol" sözçüsünün, olduqca ciddi, cəmiyyətin başağrısına çevrilmiş bir problemin həlli təklifinə, bu qədər soyuqqanlılıqla "Yox!" deməsi, digər qurumları da "silkələyib oyada" bilər.
Təsəvvür edin, zəng edirsiniz "Azəriqaz"a ki, "binamızın qazı kəsilib, nə vaxt düzələcək?" İbrahim Kərbəlayev aydın bir şəkildə "Heç vaxt" cavabını verə bilər.
"Binamızdakı mənzillərin hamısında yaşayış var, amma hələ də su verilmir" müraciəti ilə üz tutursunuz "Azərsu"ya. Anar Cəbrayıllı dərdinizi dinlədikdən sonra deyə bilər ki, "Sizin binaya su verilməsi barədə, yaxın və uzaq perspektivdə heç bir işıqucu yoxdur".
Yaxud, daim sürücüləri alternativ yollara səsləyən, BDYPİ-nin təmsilçisi Kamran Əliyev, növbəti açıqlamasını bu səpkidə qura bilər: "Filan küçədə avtoqəza baş verib, avtomobillərin bu istiqamətə hərəkəti dayandırılıb. Alternativ yol-zad da yoxdur, hardan gedirsiniz, gedin".
Hətta, iki ayağını itirmiş, əlillik dərəcəsi almaq istəyən vətəndaş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Elman Babayevdən, "Sənin ayaqlarının yerində yenilərinin çıxması daha realdır, nəinki bizim sənə əlillik dərəcəsi verməyimiz" sözlərini eşidə bilməzmi?…