02:11 18 Oktyabr 2017
Canlı yayım
Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli

Yarımada əhalisinin əzablarına son qoymaq üçün bircə yol var, o da mümkün deyil

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
919 0 0

Həyatımızın kabusuna çevrilən yer və ya "butulka" effekti

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Bakı-Sumqayıt yolunda hər gün müşahidə edilən tıxac sürücülərin başağrısına çevrilib. Bu yolda, adətən səhər saat 7.00-dan və axşam saat 17:00-dan başlayan tıxac, müvafiq olaraq səhər saat 11.00 və axşam 21.00-a qədər davam edir.

Qarlı və ya yağışlı günlərdə isə ərazidə nəqliyyatın hərəkəti, ümumiyyətlə iflic olur. Belə günlərdə saat 18.00-da işdən çıxan şəxs evinə 22.00-da çatanda sevinir. Qısası, Bakı-Sumqayıt yolu Sumqayıt, Masazır, Xırdalan, Xocəsən, Saray, Novxanıda yaşayan hər kəsin həlli mümkün olmayan kabusudur.

Mütəxəssislərə görə, tıxacın yaranmasını Xırdalan dairəsində axtarmaq lazımdır. Çarə isə dairədəki nəqliyyat axınını bölüşdürməkdir.

Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovun Sputnik Azərbaycan-a şərhinə görə, son günlər ərazidə müşahidə edilən sıxlığın səbəbi aparılan təmir-genişləndirmə işləri ilə bağlıdır: "Təmir işləri ikitərəfli getdiyi üçün bu yolda avtomobillərin hərəkətində məhdudiyyət yaradır və sıxlığa, tıxaca səbəb olur. Son günlər Bakı-Sumqayıt yolunda tıxacın olmasının əsas səbəblərindən biri də Xırdalan dairəsinə çatmamış mövcud olan kiçik tuneldir. Xırdalan dairəsindən üzü Binəqədi qəsəbəsi istiqamətində yol gedir. Həmin yolda təmir işləri aparıldığı üçün hazırda hərəkət məhdudlaşdırılıb".

Ekspert bildirir ki, ümumiyyətlə Xırdalan dairəsində hər zaman sıxlıq olur və bu sıxlıq da ümumi yolda sıxlığın yaranmasına gətirib çıxarər. Hüseynovun sözlərinə görə, Bakı-Sumqayıt yolunda "butulka" effekti var. Bu da sıxlığın əsas səbəblərindədir.

"Avtovağzalın yanından başlayaraq yol 5-6 zolaqlıdır. Beləcə, "Ekologiya postu"na qədər davam edir. Bu ərazidə Şamaxı yoluna şaxələnmə var. Daha sonra 2 zolaqlı tunel var. Təsəvvür edin, avtomobillər 6 zolaqlı yoldan sonra 2 zolaqlı yolla hərəkəti davam etdirməyə məcburdur. Bu da "butulka" effekti deməkdir" — Hüseynov diqqətə çatdırıb.

"Eyni zamanda, Xırdalan dairəsinə gedən sürücülər, çox zaman sol zolaqla hərəkət edib, sonradan dairəyə girmək üçün sağ zolağa keçməyə çalışırlar ki, bu da tıxaca səbəb olur. Pik saatlarda qeyd olunan ərazidə tıxacın yaranmasına səbəb yolun şaxələnməsinin düzgün aparılmaması və "butulka" effektidir" — o, əlavə edib.

Ə. Hüseynov bildirir ki, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün alternativ yol salınmalıdır: "Təsəvvür edin ki, Sumqayıt, Mehdiabad, Saray, Xocasən və s. qəsəbələrə getməyə bir yol var. Alternativ yol Binəqədi yoludur ki, hazırda təmir işləri gedir və buna görə də Bakı-Sumqayıt yolu yüklənir. Yolda tıxacı azaltmaq üçün "butulka" effektini aradan qaldırmaq lazımdır. Xırdalan dairəsi kənarında yolu genişləndirmək lazımdır. Ümumiyyətlə, burada böyük vəsait tələb edən işlər aparılmalıdır. Bakını şimal ilə birləşdirən, alternativ olan Binəqədi-Novxanı yolu təmir edilib istifadəyə verilsə, Bakı-Sumqayıt yolunda sıxlıq azala bilər".

Bakı-Sumqayıt yolunda tıxac
© Sputnik / Xalid Mammadov

Nəqliyyat eksperti Azər Allahverənov də hesab edir ki, Bakı-Sumqayıt yolu nəqliyyat vasitələri tərəfindən yüklü yoldur: "Xırdalan dairəsi deyilən ərazidə hərəkətin nizamlanmasında müəyyən problemlər var. Sumqayıt yolunda sıxlığı azaltmaq üçün Xırdalan dairəsinə olan nəqliyyat axınını bölüşdürülməsi ilə bağlı müəyyən işlər görülməlidir. Xırdalan dairəsində nəqliyyatın nizamlanmaması bütün yolda tıxacın yaranmasına səbəb olur".

"Xüsusən, pik saatlarda ərazidə nəqliyyat vasitələrinin sayı azalmır, sürət isə azalır. Məncə elə bir layihə düşünülməlidir ki, Xırdalan dairəsinə olan nəqliyyat vasitələri bölünsün" — mütəxəssis vurğulayır.

Qeyd edək ki, bir müddət əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin yolun sağ tərəfində yaratdığı təpəciklər dağıdılaraq, yol bir neçə zolaq genişləndirildi. A. Allahverənov isə deyir ki, yolu genişləndirmək nəqliyyat vasitələrinin axınını bölüşdürmək deyil.

"Ərazidə tıxacı aradan qaldırmaq üçün alternativ yollar çəkilməlidir. Mən hesab edirəm ki, Şamaxı istiqamətində gedən sürücülər üçün Ceyranbatan gölü tərəfdən Müşfiqabad istiqamətində yol ayrılmalıdır. Yəni, sürücü Bakı-Sumqayıt yolunu görmədən gedə bilsin. Bu, həmin yolda nəqliyyat vasitələrinin 25-30 faizinin azalması deməkdir" — Allahverənov qeyd edir.

Mütəxəssislər hesab edir ki, hər gün minlərlə insanın kabusuna çevrilən Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün mütləq alternativ yollar çəkilməli, Xırdalan dairəsinə olan nəqliyyat axını bölüşdürülməlidir. Əks halda, pik saatlarda Bakı-Sumqayıt yolunda tıxacda qalmaq gündəlik həyatımızın bir hissəsi olaraq davam edəcək.

Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yoluna yeni bir alternativ yolu çəkilməsi mümkün deyil: "Çünki həmin ərazidə uyğun yer yoxdur. Yolboyu yaşayış məntəqələri yerləşir".

"Hazırda ərazidə alternativ yol olaraq Binəqədi-Novxanı-Corat yolundan istifadə edilir. Həmin yol bu il "Azəravtoyol" tərəfindən yenidən quruldu, yol genişləndirildi, 4 hərəkət zolaqlı yola çevrildi. Həmin yol Binəqədi, Novxanı və Coratdan keçməklə Sumqayıta qədər uzanır. Biz bu yolu Bakı-Sumqayıt yoluna alternativ olaraq qurmuşuq" — Nəcəfli bildirib.

"Həmin yolu genişləndirdik ki, Sumqayıt yolunda sıxlıq olduğu zaman sürücülər alternativ olaraq bu yoldan istifadə etsinlər. Sumqayıt yolunda sıxlıq müşahidə edildiyi təqdirdə, Biləcəri yolundan istifadə edərək alternativ yola çıxmaq olar" — o, əlavə edib.

ASC sözçüsünün dediyinə görə, hazırda Xırdalan-Binəqədi-Balaxanı yolu var ki, bu yol Sumqayıt yoluna və Zabrat yoluna çıxır: "Bu yollarda hazırda təmir işləri görülür. Yəni alternativlər var".

A. Nəcəfli deyib ki, Sumqayıt yolunun yüklü olmasının bir səbəbi də, Binəqədi şossesində aparılan təmir işləri ilə əlaqədardır: "Binəqədi şossesi yenidən qurulmalıdır. Hazırda kommunikasiya işləri bitmək üzrədir. Yaxın günlərdə Binəqədi yolu da təmir edilərək istismara veriləcək. Düşünürəm ki, bundan sonra Sumqayıt yolunda olan sıxlıq bir az azalacaq. Amma Sumqayıt yolunua alternativ yolun çəkilməsi ilə bağlı heç bir layihə, plan və təklif yoxdur".

Əlaqədar

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib
Bakı-Sumqayıt yolunda baş verən qəzanın qurbanlarının sayı artdı
Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti tükürpədici fakt ortaya çıxdı
Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır
Bakı-Sumqayıt yolu yenidən bağlanacaq?
Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanır
Teqlər:
Binəqədi-Novxanı-Corat yolu, alternativ, mütəxəssis, sıxlıq, "Azəravtoyol" ASC, Ərşad Hüseynov, Sputnik Azərbaycan, təmir, Binəqədi, Anar Nəcəfli, Azər Allahverənov, Xırdalan, yol, nəqliyyat, Bakı-Sumqayıt yolu, ekspert, tıxac, sürücü, avtomobil

Əsas mövzular