BAKI, 5 oktyabr — Sputnik. Beş gün davam edən Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası yekunlaşıb. Konvensiyanın yekunları ilə bağlı bu gün mətbuat konfransı keçirilib. WBC-nin prezidenti Maurisio Süleyman mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
"Konvensyanın Azərbaycanda təşkil olunması üçün, Vitali Klicko vasitəsilə Azərbaycana müraciət etdik. Müsbət qarşılandı. Mən səmimi qəlbdən təşkilatçılara təşəkkür edirəm. Eyni zamanda, Azərbaycana səfər edən hakimlər adindan, münsiflər və azarkeşlər adından təşkilatçılara təşəkkür edirəm. Hər kəs qonaqpərvərliyinizə heyran qaldı. Hər birimiz evə xoş hislərlə geri dönürük" — Süleyman bildirib.
"Cənab prezident İlham Əliyevin idmana münasibəti və böyük idman yarışlarının keçirilməsinə təşəbbüs göstərməsi çox gözəldir. İlham Əliyev bizi qəbul etdi, çox səmimi söhbətimiz oldu. İlham Əliyev xüsusi xarizmaya malik liderdir. Onun idmana göstərdiyi diqqət idmançılar üçün də motivasiyadır" — deyə o, əlavə edib.
Daha sonra WBC prezidenti qeyd edib: "Bizim üç azərbaycanlı boksçu haqqında məlumatımız var. Təəssüf ki, bəzi idmançıların adları yadımda deyil, amma görüşlərimiz olub. Düşünürəm ki, yaxın 3 il ərzində peşəkar idmançılar yetişəcək".