BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda keçirilən mətbuat konfransında, WBC prezidenti Maurusio Süleyman məlumat verib.
"Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüzdə söhbət oldu. Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik" — Süleyman bildirib.
"İlham Əliyev sadə və geniş ürəkli insandır. İdman haqda geniş məlumata malikdir. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın diqqəti WBC-nin Bakıda keçirilən Konvensiyasına yönəlmişdi. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın" — o, əlavə edib.
Süleymanın sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq: "Sizə "Xoş gəlmisiniz" deyirəm. Ən geci, 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Prezident göstəriş verib və Gənclər və İdman Nazirliyi öz köməkliyini edəcək".
Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.