İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 29 sentyabr — Sputnik. Nazirlər Kabinetinin məlum qərarından sonra paytaxtda köhnə, qəzalı evlərin, obyektlərin sökülməsi və yenisi ilə əvəz edilməsi prosesi başlayıb. İndi Bakının bir çox rayonlarında binalar sökülür, yeni binalar tikilir. Amma sakinlərin rifahı üçün nəzərdə tutulan qərar əks-effekt verib. Hər kəs narazıdır: sakinlər az kompensasiya aldıqlarından narazılıq edirlər, ərazidə yaşayan digər şəxslər isə həyatlarının təhlükədə olmasından.
Paytaxtın Yasamal rayonunda Şərifzadə küçəsi ilə, İsfəndiyar Zülalov küçəsinin kəsişməsində bir neçə bina sökülüb və artıq yerində çoxmərtəbəli binaların inşasına başlanılıb. Başlanılıb… Amma ərazidə yaşayan, ərazidən keçən insanların təhlükəsizliyi heç kəsi düşündürmür. Yolun hər iki tərəfində tikinti işləri getsə də, əraziyə bir işarə, bir xəbərdarlıq nişanı qoyulmayıb.
Yəni, tikintidən, krandan hər an nəsə düşüb ərazidən keçən piyadanı yaralaya, öldürə bilər. Ərazi sakinləri də elə bu şikayətlə Sputnik Azərbaycan-a müraciət ediblər. Sakinlərin sözlərinə görə, ərazidə gecə-gündüz iş gedir və kranlar axşam saatlarına qədər işləyir.
Ərazidə yaşayan Samir Abdullayevin sözlərinə görə, gündüzlər yenə hava işıqlı olduğu üçün piyada ehtiyatla, yuxarı baxa-baxa keçir, gecələr isə heç nə görmək olmur: "Kiminsə başına daş düşsə, krandan dəmir qırılıb düşsə, ölüb qalacaq yolda. Gündüzlər yuxarı baxa-baxa keçirsən, qoruna bilirsən, bəs gecələri nə edək? Əraziyə nə qoruyucu lövhə vurulub, nə xəbərdaredici nişan asılıb. Hadisə də olanda deyəcəklər ki, "qəzada olub".
Sakinlər ərazidə səs-küyün də onların rahatlığını pozduğunu deyirlər. Aynurə Əliyevanın sözlərinə görə, ərazidə ağır texnika çalışdığı üçün səs-küy narahatlığa səbəb olur: "Səs-küydən rahatlığımız yoxdur. Bu da azmış kimi, oradan keçəndə istənilən an kiminsə başına daş, dəmir, nə desən düşə bilər. Biz dərdimizi kimə deyək?"
Məsələ ilə bağlı ərazidə tikintini həyata keçirən "İnşaat Konstruksiyaları" MMC ilə əlaqə saxladıq. Şirkətin texniki nəzarətçisi Zahir Nəcəfov ərazidə təhlükəsizlik üçün bütün işlərin görüldüyünü sübut etməyə çalışdı. Onun sözlərinə görə, tikinti ərazisinin yol ilə ara məsafəsi 5 metrdir.
"Piyadalar da öz növbəsində diqqətli olmalıdırlar. Əgər ara məsafəsi varsa, piyada onu nəzərə almalı, gəlib tikintinin içindən keçməməlidir. Bizim şirkət tikintini bütün tikinti normativlərinə uyğun olaraq həyata keçirir və təhlükəsizlik tədbirlərinə riayət edilir. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət şöbəsi gəlib hər gün əraziyə nəzarət edir" — Nəcəfov bildirib.
Hüquqşünas Aynur Musayevanın sözlərinə görə, Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanununa əsasən, hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər mülkiyyətlərində və istifadələrində olan binaların, tikililərin, qurğuların istismarı ilə bağlı mülki məsuliyyətlərini icbari şəkildə, yəni məcburi şəkildə sığorta etməlidirlər: "Bu halda həmin əmlakların istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərər üçün qeyd olunan şəxslərin məsuliyyəti sığortalanmış olur. Sığorta hadisəsinin baş verdiyi anda isə zərərçəkmiş şəxslər sığorta ödənişini ala bilirlər".
"Həmin daşınmaz əmlaklardan hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi hallar, məhz sığorta hadisəsi kimi qiymətləndirlir. Bu zaman bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğinədək ziyan ödənilə bilər. Məhkəmə qaydasında qeyd olunan hüquqi və fiziki şəxslərdən daha yüksək məbləğdə ziyanın tutulması istisna olunmur" — Musayeva qeyd edib.
Göründüyü kimi qanunvericilik sistemi hər bir halda baş verən qəzalar zamanı zərərçəkən şəxslərin hüquqi mənafeyinin qorunması üçün bütün zəruri müdafiə mexanizmlərini nəzərdə tutur. Hüquqşünas əlavə edib ki, əgər sözügedən ərazidə vəziyyət narahatedici dərəcədədirsə, müvafiq icra hakimiyyətinə, hüquq-mühafizə orqanına və tikinti şirkətinə müraciət edilməlidir.