BAKI, 19 sentyabr — Sputnik. "Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır. Dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov açıqlama verib. O bildirib ki, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq və bunun üçün vəsait, özəl şirkətlər tapılmalıdır.
"Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökməklə, məsələ bitmir. Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin" — Şərifov əlavə edib.
Baş nazirin müavini bildirib ki, işlər paralel şəkildə həyata keçirilməlidir: "Evləri sökməklə iş bitmir. Sökmək asandır, amma insanları başqa yerdə yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerdə yerləşməli, vəsait ödənilməlidir".