BAKI, 24 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Twitter-də Milli futbol liqasının (NFL) və Milli Basketbol Assosiasiyasının oyunçularını fəal tənqid etməyə başlayıb və buna görə ciddi əks-reaksiya ilə üzləşib.
Tramp hələ cümə günü mitinqdə ABŞ himni oxunarkən diz çökmüş NFL oyunçularını tənqid edib. Oyunçuların fikrincə, bu hərəkət ABŞ-dakı quldarlıq dövrü və ağdərililərlə zəncilər arasındakı bərabərsizliyin hələ bitmədiyi barədə xatırlatmadır. Şənbə günü Tramp Twitter-də bu məsələyə iki status həsr edib və bu hərəkəti edən oyunçuları Ağ Evdə görmək istəmədiyini bildirib.
"Əgər oyunçu NFL-də və digər liqalarda milyonlar qazanmaq üçün güzəştlər istəyirsə, onun Böyük Amerika Himninə (və ya Dövlətinə) hörmətsizlik göstərməsinə imkan vermək olmaz və o bizim Milli Himnimizdən ötrü ayağa qalxmalıdır. İstəmirsənsa, onda QOVULURSAN. Özünə başqa iş tap!" — Tramp yazıb.
O həmçinin əlavə edib ki, "Golden State Warriors" basketbol klubunun oyunçusu Stefen Karrini Ağ Evə dəvət etməyə hazırlaşmır. Karri NBA çempionları üçün ənənəvi olaraq keçirilən qəbulda iştirak edib-etməyəcəyinin sual altında olduğunu bildirmişdi.
"Ağ Evi ziyarət etmək böyük şərəf sayılır. Stefen Karri şübhə edir, ona görə də dəvət ləğv olunur!" — Tramp yazıb.
NFL-in rəhbəri Rocer Qudell yaydığı bəyanatda Trampı "ayrıseçkilik yaradan" sözlərinə görə tənqid edib. "Golden State Warriors" basketbol klubu Ağ Evə getməyəcəyini bəyan edib. "Ortada prezident Trampın bizim dəvət olunmayacağımız barədə dediyi sözlərvar. Bu faktı qəbul edirik" — klubun bəyanatında bildirilir.
Mübahisəyə məşhur basketbolçular Kobi Brayant və Lebron Ceyms də qoşulublar. Ceyms Twitter-də Trampın ünvanına çoxmənalı söyüş göndərib. Onun dediyi sözü həm "avara", həm də "sarsaq" kimi tərcümə etmək olar. "Ağ Evə getmək sən orada peyda olanadək böyük şərəf idi!" — Ceyms prezidentə yazıb.
Brayant öz Twitter-ində Trampın amerikalılar arasında ayrıseçkilik saldığını bildirib. "Adı ayrıseçkilik və qəzəb doğuran, sözləri nifrət və münaqişə yaradan prezident "Amerikanı yenidən böyük" edə bilməz" — Brayant yazıb.