BAKI, 18 sentyabr — Sputnik. Hər zamankı kimi, Sputnik Azərbaycan-ın xəbər lentində eşələnirdim. Qəfildən "Qırmızı işıqda keçənlər sürücülük hüququndan məhrum ediləcəklər" başlığına rastladım. Nizami Gəncəvinin şeirində deyildiyi kimi, "titrədi əllərim, əsdi dizlərim".
Və ilk abzas: "Sürücülər bundan sonra işıqforun qırmızı işığına daha həssas yanaşmalı olacaqlar. Bu qanunu pozanlar pul cəriməsi ödəməklə yanaşı, onların sürücülük vəsiqələri də əllərindən alınacaq…"
Onsuz da bizdə yol polisinin sürücülər üzərində kifayət qədər hegemonluğu var. Sürücülər, sürət həddi saatda 80 km olan DYP postunun qarşısından, saat 40 km sürətlə, "dovşan vəziyyəti" alaraq keçirlər. Yaxud, gündə 3 dəfə, ərazi üzrə YPX əməkdaşlarının yanında avtomobili saxlayıb, "qadan alaram, rəis, necəsən" soruşmağımız biət etdiyimizin ibtidai nümayiş formalarındandır.
Bunun isbatına yönəlik xeyli sayda fakt göstərmək, yol polisinin əzəmətini ən müxtəlif nümunələrlə əsaslandırmaq olar. Yaxşı bəs beləysə, o zaman cəzaları bir qədər də sərtləşdirməyə nə ehtiyac vardı? Bunun zərərli tərəfləri meydana çıxmazmı?
Tutalım, qırmızı işıqda keçənlərin "prava"sını əlindən almaq ağılsızlıq deyilmi? Bu qərardan sonra hansı axmaq yaşıl işığın ilk 3 saniyəsindən tez və son 3 saniyəsindən gec ayağını "tormoz"dan götürər? Kameradan baxanların evdə balaları yoxdurmu, yazıq deyillərmi?
Bunları düşünməyə başlamışdım ki, xəbərin açması gəldi. Sən demə, bu yenilik bizimkilərə deyil, böyük qardaşlarımıza məxsusmuş. Açıqlamanı da Türkiyənin daxili işlər naziri Süleyman Soylu veribmiş.
İlahi, biz nə qədər bir-birimizə bənzəyirik. Üstəlik, get-gedə, günü-gündən, daha da böyüdükcə, bir almanın iki yarısı kimi oluruq. Həqiqətən eyni millətin övladlarıyıq.
İnsafən deməliyik ki, biz bəzi sahələrdə Anadoludan olan qardaşlarımızdan daha yaradıcı, daha operativ zəkaya sahibik. Məsələn, Soylu əlavə edib ki, nəzərdə tutulan yeniliklər paketində, yollarda polislərin sayının artırılacağı da nəzərdə tutulub: "Avtomobil hərəkətinin sıx olduğu saatlarda, həmçinin qəzaların çox olduğu yerlərdə yol polislərinin sayı artırılacaq".
Bu, bizim üçün yenilikdirmi? Xeyr! Maşallah, şəhərdaxili və magistral yollarda şütüyən hər 3 avtomobildən biri ağ-mavi rənglərlə bərq vurur. Bu faktın yol qəzalarının sayının azalmasındakı rolundan danışmağa tələsməsək də, onu fəxrlə deyə bilərik ki, işsizliyin azalmasında ciddi rolu var.
Yaradıcı cəhətdən türkiyəli soydaşlarımızdan daha öndə olduğumuza dair daha bir misal gətirə bilərik. Soylu: "Təəssüflər olsun ki, sürücülərin böyük əksəriyyəti sürət radarlarının yerini əzbər bilirlər. Ona yaxınlaşanda sürəti azaldır, uzaqlaşanda isə sürəti artırırlar".
Başına dönüm, bu, indimi ağlınıza gəldi? Hörmətli Kamran və Vaqif müəllimlər, illərdir bu haqda həyəcan təbili çalırlar, sürücüləri daha məsuliyyətli olmağa dəvət edirlər, əks halda qanun qarşısında cavab verməli olacaqlarını üzülə-üzülə dilə gətirirlər.
Türkiyəli nazir öz cəmiyyətləri üçün şok effekti yaradan daha bir açıqlama verib: "Bilənlər bilməyənlərə, qarşıda sürət radarı olduğunu çatdırırlar. Avtomobilin fənərlərini yandırıb-söndürməklə bir-birilərini xəbərdar edirlər".
Yaxşı, özünüz oturmusunuz uzaq Ankarada və bəzi ciddi məsələlərdən xəbərsizsiniz. Heç olmasa, ayda 5-10 dəfə Azərbaycana səfər edən, yük daşıyan TIR sürücülərinizlə məsləhətləşəydiniz, fikirlərini dinləyəydiniz. Biz bu fənər yandırıb-söndürmək taktikasından istifadəni öyrənəndə hələ sovet hökuməti yıxılmamışdı. Bunu ki, sizin TIR sürücüləriniz yaxşı bilir.
Və sonda Soylu fikrini belə yekunlaşdırıb: "Beləliklə, gizli radarlar da qanunsuz olduğuna görə, biz məcburən yol polislərinin sayını artıracağıq".
Artırın, artırın, öyrənəcəksiniz. Hələ bu, harasıdır, elə şeylər bilirik ki, dilimizə gətirsək, "Ya Allah" deyib səcdəyə gedərsiniz.
Yeri gəlmişkən, qarşıdan bizim Milli Məclisin payız sessiyası gəlir. Bura 3-5 adam göndərin. Kreativ yeniliklər gözlənilir, işinizə yarayar…