Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 17 sentyabr — Sputnik. Hələ bir neçə il öncə bəzi idman növlərində ölkəmizi təmsil edə biləcək azərbaycanlı idmançı tapmaq çox çətin idi. Xüsusən də, döyüş idman növlərində qadın idmançılar yox idi. Federasiya rəhbərləri də məcbur olub xarici ölkələrdən idmançı gətirirdilər.
Son bir neçə ildə Bakıda keçirilən mötəbər idman yarışları sayəsində idmana olan maraq artıb. Xüsusilə, döyüş növlərinə nəinki oğlanların, qızların da böyük marağı yaranıb. Bu da bayrağımızı beynəlxalq yarışlarda təmsil edə biləcək yeni idmançıların formalaşması deməkdir.
Belə idmançılarımızdan biri də, qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılovadır. O, qısa bir zamanda boks üzrə gənclər arasında Avropa üçüncüsü olub. Boksçumuz karyerası haqqında Sputnik Azərbaycan-a danışıb.
— Boksa 16 yaşında gəldim. Ona kimi başqa idman növləri ilə məşğul olmuşam. Futbol, karate kimi idman növlərində özümü sınamışam. Amma sosial şəbəkələrdə, "Youtube" portalında videolara baxandan sonra boksa həvəsim yarandı və qərara gəldim ki, bu idman növü ilə məşğul olum.
— Boks qadın üçün çətin idman növüdür. Belə idman növünü seçmək xanım üçün riskdir. Qorxmursunuz?
— Etiraf edim ki, hər dəfə rinqə çıxanda qorxu hiss edirəm. Amma əsl idmançı bu qorxunu özündə boğmağı bacarmalıdır. Bunları nəzərə alaraq boksu seçmişəm və heç də peşman deyiləm.
— Məşğul olduğunuz idman növündə baş nahiyəsinə dəyən zərbələr nəticəsində idmançılar ciddi travmalar alır. Belə zədə alaraq sağlamlığı itirmək və hətta ömürlük şikəst qalmaq təhlükəsi var. Buna baxmayaraq risk etməyə dəyər?
— Çiyinlərdə, başda problemlər olur. Bunu nəzərə alaraq həkim nəzarətində oluruq. Hətta, bəzi insanlar düşünürlər ki, boksla məşğul olursansa, sifətin həmişə zədələrdən göyərəcək, üz cizgilərin kobudlaşacaq. Amma bu, belə deyil. Qadınlar döyüşdə başlarına qoruyucu (kaska) taxır, ona görə oğlanlara nisbətən daha az zədələnirlər. Amma kişilərdə daha təhlükəlidir və onlar sifət nahiyəsindən həqiqətən böyük zədələr alırlar.
— Ailənizin, yaxınlarınızın sizin seçiminizə münasibəti necədir?
— Əvvəllər ailəm və yaxın qohumlarım ümumiyyətlə boksla məşğul olmağıma razı deyildilər. Amma sonradan bununla barışmalı oldular. Amma hələ də bəzi tanışlar boksla məşğul olduğumu biləndə təəccüblə qarşılayırlar, amma etiraz etmirlər. Bir sözlə, barışıblar.
— Yəqin ki, siz də idman karyeranızı bitirəndə məşqçi işləməyi planlaşdırırsınız?
— Xeyir, mən məşqçi olmaq istəmirəm. İki sahədən birində işləmək böyük arzumdur. Ya hərbçi, ya da polis olmaq və dövlətimə xidmət etmək istəyirəm. Xüsusilə hərbçi olmaq böyük arzumdur. İdman karyerama son qoyandan sonra qəti qərar verəcəyəm.
— Adətən idmançı xanımlar onları anlasın deyə, idmançı bəy seçib ailə qururlar. Sizin seçiminiz də idmançı olacaq?
— Həyatımda hal-hazırda özəl heç kim yoxdur. Amma gələcəkdə qismət olarsa, idmançı oğlanla ailə həyatı qurmaq istəyirəm.