BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İdarə Heyətinin üzvü Kazbek Tuayev Çempionlar Liqasının birinci turunda Azərbaycanın "Qarabağ" və İngiltərənin "Çelsi" klubları arasındakı aristokratların 6:0 qələbəsi ilə başa çatan matçla bağlı fikirlərini bölüşüb.
"Bu gün səhər mən yenidən matça baxdım, Azərbaycan çempionunun oyununu analiz etdim. Mən Qurban Qurbanovun səhvləri barədə danışmaq istəmirəm, baxmayaraq ki, onlar var idi. Çempionlar Liqasındakı atmosferə diqqəti yönəltmək istəyirəm. Dünən hər şey gözəl idi. Azərbaycan komandası İngiltərənin ən yaxşı klublarından biri ilə görüşürdü. Tribunalar bizim azarkeşlərlə tamamilə dolu idi. Nəticəyə baxmayaraq, səy göstərməyə dəyərdi" – deyə Tuayev bildirib.
Bakı "Neftçi"sinin əfsanəvi yarımmüdafiəçisi hesab edir ki, debüt qolu komandanın oyununu pozub.
"Bu an komanda şanssızlığa uğradı. Pedro kimi oyunçunu tək qoymaq olmazdı. 30-cu dəqiqəyə qədər ingilislərin üstünlüyü hiss olunmurdu. Bizimkilər Avropa nəhəngi fonunda tamamilə üstün görünürdülər. Bu məqamlara baxmaq hətta xoş idi" – deyə mütəxəssis bildirib.
Tuayevin fikrincə ümumi mənzərəni ayrı-ayrı oyunçular pozurdular: "İkinci qol tamamilə qapıçı İbrahim Şehiçin günahı ucbatından buraxıldı. Məhz bu qol bizim komandanı yıxdı. Açıq-aydın görünürdü ki, rəqib bizə yuxarıdan aşağı baxır, sahədə isə xeyli güc sərf etdilər. "Çelsi"nin əsas kozırları isə onun möhtəşəm oyunçuları, həmçinin özünəməxsus italyansayağı mütəxəssis maneraları ilə əla strateq olan Antonio Konte idi".
Sabiq futbolçu qeyd edib ki, görüşün nəticəsi tez-tez səhvlər buraxan yerli oyunçularda xoşagəlməz iz qoydu. Onları isə çox da tənqid etməyə dəyməz.
"Bəli onlar tez-tez çaşqınlıq vəziyyətində qalırdılar. Amma onların kimə qarşı oynadıqlarına da baxmaq lazımdır. Rəqib səhvlər buraxmağa məcbur edirdi. Onların sahənin bütün perimetri boyu pressinq tətbiq etməsi nəyə desən dəyərdi. "Çelsi"nin oyunçuları isə yüksək səviyyəlidirlər. Dəhşətli heç nə baş vermədi. Bundan sonra yaxşı olacaq. Qarşıda özünü yaxşı tərəfdən göstərmək üçün kifayət qədər oyun var" – Tuayev əlavə edib.
Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Azərbaycanda anadan olub. Bakının "Lokomativ" (1954 — 1959), Nalçikin "Spartak" (1959 — 1960), Bakının "Neftçi" (1961 — 1970, 1971 — 1972), Orconikidzenin "Spartak" (1970) klublarında oynayıb. İki oyununu da SSRİ yığmasında keçirib. Azərbaycan, Rusiya və Tunisin ("Kleb Afriken") klublarının baş məşqçisi işləyib. Bakı "Neftçi"sinin (1983 — 1984, 1996 — 1997, 2004) və Azərbaycan yığmasının (1995 — 1997, 2002) baş məşqçisi olub. Hazırda Azərbaycanın Futbol Məşqçiləri Şurasına rəhbərlik edir. 2000-ci ildə AR-nın "Şöhrət" ordeni ilə təltif edilib.
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan komandasıdır. Azərbaycan çempionu C qrupunda yer alıb və onun rəqibləri İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klublarıdır. Çempionlar Liqasında qrup mərhələsinin oyunları 12 sentyabr — 6 dekabr tarixlərində keçiriləcək.