BAKI, 12 sentyabr — Sputnik. "Qarabağ" nəyə qadir olduğunu çəkinmədən elə bu oyunda, "Çelsi" ilə oyunda göstərməlidir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
"Qarabağ" indiyədək qazandığı nəticələri öz oyun üslubuna görə əldə edib. Avropanın 1 nömrəli klublarından olan "Çelsi"-yə qarşı da çəkinmədən öz oyunumuzu sərgiləməliyik. İlk dəfədir ki, klub səviyyəsində bu cür güclü komanda ilə qarşılaşırıq. Hesab edirəm ki, "Qarabağ"a taktiki yox, psixoloji motivasiya lazımdır. Çünki komandamızın taktiki oyun üslubu lazımi səviyyədədir" — Sadıqov bildirib.
Komitə sədri "Qarabağ"ı dəstəkləyəcək azərbaycanlı azarkeşlər barədə isə bunu deyib: "Stamford Bridge" stadionunda bu gün nə qədər Qarabağ azarkeşi olduğunu deyə bilmərəm, amma əminəm ki, ingilis fanatların qarşısında bizim azarkeşlərin səsi az çıxmayacaq. Futbolçularımız meydanda olarkən onların gurultulu səsini eşidəcəklər və bu da onlara əlavə motivasiya verəcək".