BAKI, 11 sentyabr — Sputnik. London futbol klubu "Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə qarşılaşmadan əvvəl mətbuat konfransı keçirib.
Sputnik Azərbayca-ın məlumatına görə, Konte komandasının hazırkı vəziyyətinə aydınlıq gətirib.
"Bizdə kadr itkisi yoxdur. Denni Drinkouterlə bağlı kiçik problemlər var. Baxacağıq, görək həkimlər nə deyir. Eden Azar ağır zədədən sonra tamamilə qaydasındadır və artıq heyətdədir. Məşqlərdə özünü yaxşı göstərir. Amma biz onunla risk etməyəcəyik. "Qarabağ"la oyuna o, ehtiyat oyunçu skamyasından başlayacaq" — deyə "aristokratlar"ın baş məşqçisi bildirib.
Kontenin sözlərinə görə, "Lester"lə olan son matçdan sonra oyunçular xeyli güc sərf ediblər: "Bizi gərgin oyun cədvəli gözləyir. Heyətdə rotasiya qaydasına yer verəcəyik".
"Qarabağ" üçün Çempionlar Liqasındakı hazırkı mövsüm debütdür. Amma bu yaxşı komandadır. Mən "Qarabağ"ın bir neçə oyunçusunu tanıyıram, İtaliya yığmasını çalışdırarkən Azərbaycan yığması ilə qarşılaşmada onlarla rastlaşmışam. Milli komandanın heyətində "Qarabağ"ın bir neçə oyunçusu var" — deyə Konte bildirib.