BAKI, 24 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.
Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".