ELM

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

© Photo : REPORTСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrin onlara verilən zəif biliyin əvəzində çox pul ödədiklərini qeyd etməliyəm"

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda təhsil sistemində ciddi qüsurlar olması heç kimə sirr deyil. Hər il ali məktəbə imtahan verən abituriyentlərin yığdıqları balların aşağı olması orta məktəblərdə təhsil səviyyəsinin acınacaqlı vəziyyətindən xəbər verir.

Eyni vəziyyət ali məktəblərdə də müşahidə olunur. Amma universitetlər təhsil səviyyəsini gücləndirmək əvəzinə, hər il təhsil haqlarının qiymətlərini artırırlar. Pullu təhsil alanlar minimum 1500 manat, maksimum 6500 manat illik təhsil haqqı ödəməli olurlar. Təhsil haqqı universitetlərə və ixtisaslara görə dəyişir. Sputnik Azərbaycan ekspertlərdən tələbələrə verilən təhsil ilə təhsil haqlarının uyğun gəlib-gəlmədiyini soruşub.

Təhsil eksperti Kamran Əsədov deyib ki, tələbələrə verilən təhsilin ondan tələb olunan təhsil haqqına uyğun gəlməməsi narahat olduğu nüanslardan biridir: "İndi pul ödəyib təhsil alan tələbələrin, valideynlərin təhsil haqqının yüksək olması kimi haqlı gileyi var. Hətta dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrin belə, onlara verilən zəif biliyin əvəzində çox pul ödədiklərini qeyd etməliyəm". 

Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
ELM
Vətəndaşların təhsil sistemimizlə bağlı əsas narazılıqları məlum oldu

"Statistikaya görə, dövlət təhsil müəssisələrində ödənişli fakültələrin ən minimal qiymətləri ölkədəki aylıq orta əmək haqqından (orta əmək haqqı təxminən 450 manat təşkil edir) çox yüksəkdir. Maliyyə durumu aşağı olan ailələrin uşaqlarının bu məktəblərdə oxuması demək olar ki, qeyri-mümkündür və ya təhsil haqqını ödəmək üçün onlar borca girməlidirlər. Əgər bir ailədən iki uşaq pullu ixtisasa qəbul olubsa, onda, uşaqların təhsil alması tamamilə mümkünsüz olur" – deyə təhsil eksperti əlavə edib.

O, vurğulayıb ki, ölkədə baş verən devalivasiya, enerji və benzinin qiymətinin qalxması vətəndaşı onsuz da maddi cəhətdən yükləyib. Belə vəziyyətdə təhsil haqlarını qaldırmaqla insanların üzərinə əlavə yük qoyurlar: "Universitetlər artan xərclərini təhsil haqlarını qaldırmaqla kompensasiya etməyə çalışırlar. Belə vəziyyətdə bir çox gənclər yüksək təhsil haqqı ilə ölkədə təhsil almaqdansa, ucuz və keyfiyyətli təhsil dalınca xarici ölkələrə üz tutacaq. Bu gün Azərbaycanın 54 ali təhsil müəssisəsində tələbələr üçün müəyyən edilmiş təhsil haqları reallığı əks etdirmir və verilən təhsilin müqabilində dəfələrlə böyük məbləğdir. Reallıqda Azərbaycanda universitetlərin təhsil haqları 500-800 manatdan çox olmamalıdır". 

Въезд в город Сумгайыт. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Universitetin yanğın baş verən yataqxanasında tələbələr...

Təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, imtahan nəticələrinin zəifləməsi fonunda illik ödənişlərin qeyri-adekvatlığı və qeyri-sabitliyinin hələ bir müddət davam edəcəyi istisna olunmur: "Əlbəttə, neft kapitalının insan kapitalına çevrilməsi, bu məqsədə yönəlik təhsilin hamı üçün əlçatan olması və xaricdə təhsildən asılılığın minimuma endirilməsi kursunun həyata keçirilməsi şəraitində belə bir vəziyyətin yaranması heç də arzu olunan hal sayıla bilməz. Bununla belə, dövlət universitetlərində ödənişli təhsilin ildən-ilə xüsusi çəkisinin artırılması və ödəniş haqlarının qaldırılması zərurətini təkcə universitetlərin "özfəaliyyəti" kimi qiymətləndirmək də əslində ədalətsizlik olardı. Universitetlərin maliyyə imkanları əsasən tələbə ödənişləri hesabına formalaşır. Bildiyim qədər, elə universitetlər var ki, tələbələrdən ödənilməli olan borc 3-4 milyon manat təşkil edir ki, bu da universitetlər üçün müəllimlərin, texniki personalın əmək haqlarının ödənilməsində və tələbə təqaüdlərinin verilməsində əlavə problemlər yaradır".

"Son aylar 4 universitetin Publik hüquqi şəxs elan edilməsi və belə bir statusun digər universitetlərə də şamil ediləcəyi ehtimalı universitetləri əlavə maliyyə imkanları aramaq zərurəti qarşısında qoyacaq. O ki qaldı imtahan nəticələrinə və göstəricilərin zəifləməsinə, bu artıq ayrı bir mövzunun söhbətidir və əlbəttə ki, verilən bilik alınan ödənişə adekvat deyil" – deyə N.İsafilov söyləyib. 

Подписание договора страхования - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maaş artacaq, tələbələr ödənişdən azad ediləcək, birdəfəlik müavinət veriləcək...

Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev məsələyə münasibət bildirərkən qeyd edib ki, təhsil haqlarındakı son artımdan sonra Azərbaycanın bəzi universitetlərində və bəzi fakültələrindəki təhsil haqlarının Avropanın bir çox ölkələrində təhsil haqları ilə eyni səviyyəyə çatmış olur: "Halbuki, birinci növbədə, həmin ölkələrdəki orta illik gəlir səviyyəsi ilə, Azərbaycandakı ailələrin orta illik gəlir səviyyəsi arasında böyük fərq var. İkincisi, həmin universitetlər tədqiqatlara, yeni araşdırmalara, layihələrə üstünlük verirlər, dövlət və özəl sektordan qrantlar cəlb edirlər və beləliklə, maliyyə imkanlarını yaxşılaşdırırlar. Bizdə isə 80-90-cı illərdən qalmış mühazirələri tələbələrə yazdırıb, təhsil haqlarını artırırlar. Üçüncüsü, həmin universitetlərin bir çoxu dünya reytinqlərində ilk 500, ilk 1000 universitet arasına düşmüş, müasir kitabxanaları, laboratoriyaları, tədqiqat mərkəzləri, yataqxanaları olan universitetlərdir, mühazirələrin keçirildiyi boz binalardan ibarət və dünya universitetlərinin reytinqlərində yeri görünməyən ali təhsil müəssisələri deyil".

"Təhsilin maliyyələşməsində islahatlar, universitetlərin gəlirlərində artım lazımdırsa, bunu köklü həll etmək lazımdır. Bu zaman dövlət büdcəsindən ali məktəblərə ayrılan vəsait də, müəllimlərə ödənilən maaşlar da, tələbələrə verilən təqaüdlər də sırf göstərilən nəticələr əsasında dəyişməlidir. Yəni, il ərzində akademik və araşdırma göstəriciləri yüksək olan universitetlərə daha çox pul ayrılmalı, daha çox tələbənin seçdiyi və yüksək qiymət verdiyi müəllimlərə daha çox maaş verilməli, təhsil haqları artırılsa da, yüksək nəticə göstərən tələbələrə dəfələrlə daha çox təqaüd verilməlidir. Yalnız bu zaman həm universitet, həm müəllim, həm tələbə arasında müsbət rəqabət yaratmaq, keyfiyyət dəyişikliyinə nail olmaq olar. Əks halda, sadəcə təhsil haqlarının qaldırılması universitetlərin maliyyələşməsində müvəqqəti həll kimi olacaq və bunun da yükü onsuz da çətin şəraitdə yaşayan Azərbaycan ailələrinin üzərinə düşəcək" – deyə Harvard Universitetinin məzunu əlavə edib.

Xəbər lenti
0