BAKI, 28 iyul — Sputnik. Bu günlərdə Yerusəlimdə "Anait" İsrail Erməniləri İttifaqının təqdimat mərasimi olub.
Bu barədə Sputnik Ermənistan-a yəhudi icmasının rəhbəri Rimma Varjapetyan məlumat verib.
İsraildə keçirilən Avroasiya Konqresi Baş Assambleyasının növbədənkənar iclasında iştirak edən Varjapetyan deyib ki, yeni yaradılan "Anait" İttifaqının yaxşı və böyük planları var. Bu qurum İsrail ermənilərini birləşdirmək məqsədi daşıyır. "Bütün icma səpələnmiş vəziyyətdədir. Hərə kəs özü üçün işləyir. Mən onlara izah etdim ki, əgər birləşsələr, bu, daha faydalı olar" — deyə Varjapetyan bildirib.
Onun fikrincə, bundan sonra İsrail ermənilərə başqa rakursdan baxacaq. "Əgər onlar arasında təfriqə olsa, belə icma ilə işləmək istəməyəcək".
"Yeni İttifaqın prezidenti fizik Artyom Xaçaturyans olub. O, həm Ermənistanı, həm də İsraili çox sevir. Ermənilər orada İsrail vətəndaşı kimi yaşayırlar. İsrail hər kəsin çox şey öyrənə biləcəyi mükəmməl ölkədir. Amma ermənilər İsraildə darıxırlar və Ermənistan vətənpərvəri olaraq qalırlar" — deyə Ermənistanın yəhudi icmasının nümayəndəsi bildirib.
Ermənistandakı yəhudilərə gəlincə, Varjepetyan deyir ki, orada yəhudilərin sayı azdır. Amma hökumət və xalq onlara yaxşı münasibət bəsləyir. Ermənistanın kiçik yəhudi icması İsraillə böyük əlaqə və münasibətlər qurmaq istəyir.
Ermənistanstanda İsraillə diplomatik əlaqələrin qurulmasının 25 illiyi, həmçinin İsrailin müstəqilliyinini 69 illiyi qeyd olunur.
Bu arada İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfər edib. Səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutub. Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir. O, 2003-2006-cı illərdə nazir kimi Ariel Şaronun kabinetində xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edib. 2006-2010-cu illərdə isə Knessetin Təhlükəsizlik və beynəlxalq münasibətlər Komissiyasının sədri olub.
Haneqbi Nalbandyandan sonra Ermənistanın informasiya texnologiyaları naziri Vahan Martirosyanla da görüşüb və onunla kiber təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Lakin erməni jurnalistləri səfərin rəsmi yox, siyasi tərəfi daha çox maraqlandırıb.
İsrailli nazir "Azadlıq" radiosunun Ermənistan bürosunun ("Radio Azatutyun") müxbirinin səfərin məqsədinin hərbi əməkdaşlıqla bağlı olub-olmadığı barədə sualına cavabında deyib: "Mən İsrailin regional əməkdaşlıq naziriyəm. Hərbi və təhlükəsizlik sahələri mənim fəaliyyət dairəmi əhatə etmir. Səfərimin əsas məqsədi kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrdə əməkdaşlıqla əlaqədardır".
Haneqbi İsrailin Azərbaycanla hərbi əməkdaşlığı ilə bağlı suallardan "məni belə həssas məsələlərə qatmayın, bura sadəcə İsrail-Ermənistan münasibətlərinin pozitiv aspektlərini müzakirə etməyə gəlmişəm" deməklə yayınıb.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə İsrailin Ermənistana silah satmağa hazır olduğunu deyib: "İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən biri hesab olunur. Lakin o, Ermənistana da silah satmağa hazırdır. Əgər bu niyyət baş tutsa, burada qiymət təklifi və digər faktorlar nəzərə alınacaq".
"İsrail öz mövqeyini sadə dillə ifadə edib. O hamıya, eləcə də bizə silah satmağa hazırdır. Doğrudur, biz hərbi əməkdaşlıq sahəsində KTMT formatında hərəkət edirik, amma NATO ilə bir sıra proqramlar da həyata keçiririk" — deyə Köçəryan bildirib.
O, İsrail –Ermənistan münasibətlərində problemlərin qaldığını etiraf edib. Həmçinin deyib ki, bir-birindən aralı düşən iki dövlətin yaxınlaşması və dialoq aparılması istiqamətində müvafiq addımlar atılır.
Haneqbinin Ermənistan səfəri və qondarma "erməni soyqırımı"nın şərəfinə qoyulan Sisernakaberd kompleksini ziyarət etməsini xarici politoloqlar son günlər Türkiyə-İsrail münasibətlərinin sərinləşməsi ilə izah edirlər.
Siyasi və iqtisadi kommunikasiyalar agentliyinin aparıcı analitiki Mixail Neyjmakovun sözlərinə görə, Əl-Əqsa ətrafında yaranmış Türkiyə-İsrail gərginliyindən istifadə edən israilli nazir Haneqbi bunu Ermənistana simvolik jest üçün uyğun məqam hesab edib. Bu, təbii ki, Ermənistanın xoşuna gələcək. Türkiyə-İsrail münasibətləri yenidən istiləşəndə, belə addımlar atmaq çətin olacaq.
Politoloq Elxan Şahinoğlu isə Haneqbinin səfərini şərh edərkən deyib ki, İsraildən silah almaq üçün pul lazımdır: "Yerevanın pulu olsaydı, silah almaq üçün Rusiyadan dilənməzdi. O, Rusiya puluna elə Rusiyadan silah alıb. Çünki bu, Rusiyanın Ermənistana kredit verməsinin əsas şərti olub. Moskva Rusiyanın krediti hesabına İrəvana İsraildən silah almağa imkan verməz. Odur ki, Ermənistan istəsə belə, İsraildən bahalı silahlar ala bilməyəcək. Ancaq nəsə də ala bilər".
Politoloq hesab edir ki, rəsmi Bakının diplomatik kanallarla Tel-Əvivdən İsrail-Ermənistan hərbi əməkdaşlığında nə dərəcədə maraqlı olduğunu öyrənməsinə ehtiyac var.