BAKI, 21 iyul — Sputnik. "Bizim İsraillə yaxşı əlaqələrimizin olması, Fələstindəki işğala göz yumacağımız mənasını vermir". Bakıda keçirilən Qüds məsələsi ilə bağlı beynəlxalq konfransdakı çıxışı zamanı, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev belə deyib.
XİN rəsmisi bəyan edib ki, Azərbaycan beynəlxalq hüquqa əsasən hərəkət edir, BMT təhlükəsizlik şurasının qərarlarına uyğun davranır: "BMT Təhlükəsizlik şurasının qətnamələrində açıq-aşkar göstərilir ki, bir ölkə başqa bir ölkənin torpağını işğal edə bilməz".
Tədbirdə çıxış edən BMT baş katibinin müavini Rafael Dario Ramires, İsrailin işğal siyasəti ucbatından Fələstin xalqının güzəranının çox aşağı səviyyədə olduğunu bildirib: "İsrailin 1967-ci ildə Fələstin torpaqlarını işğalı ilə birlikdə, fələstin xalqının güzəranı da pisləşməyə başladı. Vəziyyət artıq dözülməz həddədir. İsrail işğalı dərhalı sonlandırmalı və iki dövlətli həll üçün şərqi Qüdsə olan iddiasından əl çəkməlidir. Ümid edirəm ki, bu konfrans problemin həllinə yardımçı olacaq".
Fələstinin BMT-dəki daimi təmsilçisi Riyad Mənsur çıxışına başlamadan öncə, zirvənin keçirilməsindəki əməyinə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib: "Bu cür həssas tədbirin Bakıda keçirilməsinə yaratdığı şəraitə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm. Hazırda müqəddəs şəhər Qüdsdə insanlıq dramı yaşanır. İsrailin ekstremist gücləri, əsgəri, polisi insanların ibadətlərinə əngəl yaradır. Müsəlmanlar üçün müqəddəs yer, ilk qibləgahımız Əl Əqsa məscidində insanların namaz qılmasına imkan verilmir".
"Bu, ümumilikdə insan haqlarının ən kobud formada pozulması deməkdir. Cenevrə konvensiyasına zidd hərəkətdir. İsrailin bu davranışları iki dövlətli həll yolunun önünü tıxayır. Yaxın Şərqdə vəziyyətin düzəlməsi üçün İsrail işğal etdiyi torpaqlardan çəkilməlidir" — Riyad Mənsur qeyd edib.
Vurğulayaq ki, Bakının İsrail və eyni zamanda müsəlman ölkələri ilə yaxınlığı ölkənin geosiyasi önəminin göstəricisidir. Bakı İran və yaxud Fələstinin narazılığına səbəb ola bilər ehtimalına görə, mühüm bir oyunçu olan İsrail ilə münasibətlərini korlaya bilməz. Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır.
Digər tərəfdən, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. Bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənə bilər.
İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salan erməni lobbisi, Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırmağa çalışır Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik Azərbaycan diasporu isə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsidir.
Ayrıca, Azərbaycan İsraildən müsir silahlar alır və bu, bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir.
Unutmayaq ki, İsrail tərəfindən İranla bağlı Azərbaycana müəyyən təzyiqlər var. Bu gün Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri Ermənistanla siyasi-diplomatik, iqtisadi əlaqələr qurmadığı halda, müsəlman qonşumuz İran illərdir təcavüzkara qucaq açır. İsrail isə erməniləri müdafiə etmir, əksinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi gücünü artırmağa yönələn addımlar atır.
Türkiyə, Pakistan və İsrailin prezidentləri, baş nazirləri və ya başqa yüksək çinli rəsmi şəxsləri indiyədək Ermənistana səfər eləməyiblər. İran prezidenti Həsən Ruhani isə ötən ilin dekabrında İrəvana nümayişkaranə şəkildə səfərə gedib, iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması yönündə təşəbbüslər göstərib.
Türkiyə, Pakistan və digər müsəlman dövlətləri kimi İran da Ermənistanla işğalçı kimi davransaydı, öz sərhədlərini müsəlman torpaqlarını işğal edən təcavüzkara qarşı qapalı saxlasaydı, Qarabağ münaqişəsi bu qədər uzanmazdı. Tehran isə nəinki Ermənistanla, belə görünür ki, Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələri davam etdirir.
Bütün bu amillər İsrail ilə əməkdaşlığı zəruri edir. Əlbəttə ki, Bakı Qüds problemində Fələstinin yanındadır, lakin bu, İsrail ilə münasibətləri korlamaq anlamına gəlmir. Bu baxımdan, artıq İsraildə Azərbaycanın səfirliyinin açılması barədə də düşünmək lazım gəlir…