Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 iyul — Sputnik. Bir neçə gün əvvəl Sputnik Azərbaycan-da dərc olunan "Media nümayəndələrinə qarşı bu, nə diskriminasiyadır?" başlıqlı məqalədə bu məsələyə toxunmuşduq. Məqalədə bankların media nümayəndələrinə qarşı ayrı-seçkiliyə yol verdiyi, yəni, jurnalistlərə kredit verməkdən imtina etdiyi barədə fikirlər yer almışdı.
Ardınca jurnalistlər arasında sorğu keçirdik və bəlli oldu ki, həqiqətən banklar media nümayəndələrinə kredit vermir. Nəhayət, Sputnik Azərbaycan-ın iki əməkdaşı "YapıKredi Bank Azərbaycan"a kreditlə bağlı müraciət etdi və imtina cavabı aldı.
Belə ki, banklar jurnalistlərə kredit vermədiklərini təkzib edir, həmin bankdan maaş alan jurnalistlərə əmək haqqına uyğun kredit verdiklərini iddia edirdi. Sputnik Azərbaycan-ın iki əməkdaşı məvacib kartımızın məxsus olduğu "YapıKredi Bank Azərbaycan"a kredit almaq üçün müraciət edib. Bankdan bildiriblər ki, araşdırma aparıb, bir neçə gün sonra konkret cavab veriləcək.
Və araşdırma aparılıb və belə məzmunda imtina cavabı gəlib: "Müraciətiniz tərəfimizdən araşdırılmışdır. Müraciətinizlə bağlı məlumat vermək istəyirik ki, kredit müraciətiniz iqtisadi fayda və Bankın strateji məqsədləri baxımından kreditlərin verilməsinə dair bankdaxili qaydalara uyğun olmadığı müəyyən edildiyi üçün kredit tələbinizdən imtina edilmişdir. Eyni zamanda onu da qeyd etmək istəyirik ki, kredit verilməməsi barədə qərar qəbul edilərkən hər hansı bir şəkildə irq, milliyyət, din, dil, cins, mənşə, əqidə, siyasi və sosial mənsubiyyət baxımından ayrı-seçkiliyə yol verilməmişdir".
Sputnik Azərbaycan bankların bu anlaşılmaz davranışı, jurnalist hüquqlarının pozulması ilə bağlı millət vəkillərinə müraciət edib. Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, əgər jurnalist əmək haqqı alırsa və bankın tələb etdiyi bütün sənədləri təqdim edə bilirsə, bu zaman bank həmin KİV nümayəndəsinə kredit verməlidir.
"Bu haqda hələlik Azərbaycan Mətbuat Şurasına heç bir məlumat daxil olmayıb. Müasir jurnalistikada mühasibatlıq məsələləri yenidən qurulub və hər bir jurnalist əmək haqqı alır və iş yerlərində sənədləşdirilir. Deməli KİV nümayəndələri rahat şəkildə banklardan kredit götürə bilərlər" — deputat bildirib.
Mətbuat Şurasının sədri onu da qeyd edib ki, jurnalist hər hansı bankdan kredit ala bilməməsi ilə bağlı Mətbuat Şurasına şikayət edərsə, MŞ bu məsələni araşdıra bilər.
Millət vəkili Fazil Mustafa qeyd edib ki, peşə seçimindən dolayı, jurnalistə kredit verilməməsi diskriminasıyadır: "Banklar jurnalistlərin hüquqlarını pozur. Çünki vətəndaşın bütün kateqoriyaları onlar üçün eyni olmalıdır. Hər halda bunu düzgün hesab eləmirəm".
"Bu, qanuna zidd davranışdır. Krediti almaq üçün sənədləri yerində olan insanlara kredit vermirlərsə, deməli bankların özlərinin ciddi narahatçılıqları var" — deputat vurğulayıb.
F. Mustafanın sözlərinə görə, bu narahatçılıq qanunun tələblərini pozmağa əsas verməməlidir: "Onlar düşünməlidirlər ki, qanunun şərtlərinə əməl etmək vacibdir. Jurnalistlər aparıcı peşə sahibləridir və onların hər hansı bir şəkildə bu məsələdə diskriminasiya məruz qalması yolverilməzdir".