BAKI, 14 iyul — Sputnik. Bu günlərdə, "Media nümayəndələrinə qarşı bu, nə diskriminasiyadır?" başlıqlı məqalədə bu məsələyə toxunmuşduq. Bankların media nümayəndələrinə qarşı ayrı-seçkiliyə yol verdiyi, yəni jurnalistlərə kredit verməkdən imtina etdiyi barədə fikirlər yer almışdı.
Bu dəfə mövzunu ölkə jurnalistlərinin müzakirəsinə çıxardıq, yəni KİV nümayəndələri banklardan kredit götürmək istəyərkən, hansı problemlərlə üzləşdiklərini araşdırdıq. Beləliklə, jurnalistlər arasında keçirdiyimiz sorğunun nəticələrini təqdim edirik:
Samirə Quliyeva: "Bir dəfə "YapıKredi Bank"-dan kredit götürməyə getmişdik. Kredit şöbəsində məndən harada işlədiyimi soruşdular. Jurnalist olduğumu biləndə dedilər ki, "biz süpürgəçilərə kredit veririk, amma jurnalistə yox". Amma digər banklarda problem olmayib, kredit götürmüşəm".
Məhəmməd Türkmən: "Həmişə jurnalist olmağım üstünlük hesab edilib. Şərtlər mənə görə dəyişdirilib. Təbii ki, bunlar kiçik məbləğdə olan kreditlər olub. İpotekada bilmirəm. Cəhd etməmişəm".
Əzizə İsmayılova: "Keçən il məcbur olub bankdan 2 min manat pul götürmüşəm. Bir çox banka müraciət etdim, qarşıma elə şərtlər qoydular ki, birdəfəlik "vermirik" desəydilər, daha yaxşı olardı. Amma bir bank razılaşdı. Sağ olsunlar, heç bir problem yaranmadı. Borcum qurtaranda az qalırdı ki, milli bayram kimi qeyd edim".
Elşad Mətləboğlu: "Mən müraciət etmişdim. Bankdan bildirdilər ki, "dilənçiyə kredit verərik, amma jurnalistə yox". Dostumun yanında çox pis olmuşdum".
Elgün Mənsimov: "Son 2 ildə jurnalistlər üçün kredit götürmək çox müşkülə çevrilib. Hətta dövlət təşkilatının nümayəndəsi olsan belə, səni 2-ci dərəcəli dövlət təşkilatı hesab edirlər. Nəticədə, kredit götürmək istəyən şəxs ağır şərtlərlə qarşı-qarşıya qoyulur. Kredit götürmək istədiyin bankdan maaş kartın olsa belə, bu şərtlər tətbiq edilir. Məsələn, zamin mütləqdir, həmin zamin nə ailə üzvün, nə qohumun, nə də iş yoldaşın olmalıdır. Hələ üstəlik, həmin adamın da sözügedən bankdan maaş, yaxud pensiya kartı olmalıdır. Di gəl zamin tap görüm, necə tapırsan, özü də belə bir zəmanədə. Ümumiyyətlə, müşahidələrimə görə deyə bilərəm ki, banklarda jurnalistlərə dırnaqarası baxılır və hər bankda işçilər tərəfindən başlarından etməyə çalışırlar. Şəxsən bu halla qarşılaşmışam".
Nazim Allahverdiyev: "Əvvəllər kredit götürmüşəm. Son bir ildə banklardan jurnalist kimi kredit götürmək mümkün deyil".
Anar Məmmadov: "Jurnalistə kredit vermirlər, hətta bank işçiləri jurnalistlər haqqında aşağılayıcı ifadələr də işlədirlər".
Aynur Pənahqızı: "Mənə deyiblər ki, "sizə kredit verəndə bank haqqında mətbuatda xoşagəlməz yazılar yazırsınız. Məsələn, kredit faizinin yüksək olması və yaxud bankda gördüyünüz hər hansı qüsurlar barədə. Nəticədə bank müştəriləri itirir". Deyirlər ki, "yalnız 1000 manat kredit verə bilərik, çünki əmək haqqınız azdır".
Nigar Etibar: "Jurnalist olduğum üçün banklar hər zaman daha yaxşı şərtlər təklif ediblər. Hətta bir neçə dəfə ard-arda kredit götürmüşəm və məmnuniyyətlə veriblər. İstədiyim məbləğdən də artığını təklif ediblər".
Orxan Bahadırsoy: "Ümumiyyətlə, kredit götürmək çox müşkül məsələdir. Elə şərtlər qoyublar ki, o şərtlərlə yaşayan insanın kreditə nə ehtiyacı? Bank sisteminin acgözlüyü, dələduzluğu hamımıza məlumdur. Jurnalistlərdən də çəkinirlər ki, onların fırıldaqlarını ictimailəşdirərlər. Mən kredit götürmək istəmişəm, heç bir bank verməyib. Kredit kartı almaq istəmişəm, yenə verməyiblər. Müxtəlif bəhanələrlə imtina ediblər. Halbuki, işim, gəlirim onların bütün şərtlərinə cavab verib".
Günel Hüseynli: "İndi banklar kredit prosesini elə çətinləşdirib ki, banklara yaxın durmaq olmur. Banklarda təzad dövrüdür desəm, düz olar, çünki işləməyəndə saç ustası kimi iş yerini qeyd edib kredit verən banklar, işlədiyin halda kredit vermirlər. "Unibank"a və "Bank of Baku"ya müraciət etmişəm, ancaq kredit vermədilər. Çünki bankdan çıxarış və ailə üzvlərindən heç kimin bankla problemi olmamalıdır. Jurnalistlərin əksəriyyəti də, maaşı kartla deyil, əldən aldıqları üçün bizə heç bir bank pul verməz, vermir də".
Natiq Muxtarlı: "Heç vaxt belə problemlə üzləşməmişəm. Bankdan da kredit götürmüşəm. Amma jurnalist olmağım bu məsələdə hər hanası bir maneə yaratmayıb".
P.S.
Mövzunun aktuallığını və həssaslığını nəzərə alıb, bu istiqamətdə araşdırmaları davam etdirəcəyik…