(əvvəli birinci yazıda)
BAKI, 18 iyul — Sputnik. İyul ayının 4-ü günorta saatlarında Berlin – Teqel Hava Limanına çatdım. Əvvəlcədən bizə göndərilən proqrama görə, axşam saat 18:00-da Almaniya xarici işlər naziri Mixael Rotla görüşməli idik. Mən də düşünmüşdüm ki, yəqin nazirliyin binasında, xüsusi dəstə ilə mühafizə olunan, kostyumlu, qalstuklu, zəhmli, hamıya yuxarıdan aşağı baxan, qarnı dizlərinə sallanan bir qoca kişi bizimlə uzaqdan-uzağa danışıb gedəcək.
Saat 18:00-da Berlinin darısqal küçələrinin birində, içi adamla dolu bir kafeyə gətirdilər bizi. Kabinetlərin birində, təxminən 25 nəfərlik masanın ətrafında əyləşdik. Masanın baş tərəfində Höte adına İnstitutun iki əməkdaşı oturdu. Düşündüm ki, yəqin nazirin işi çıxıb, gələsi olmayıb. Yoxsa ki, bu nazir adi kafeyə gələn deyil axı. Lap gəlsə də, bu masanın başında onun üçün xüsusi yer ayrılmayıb axı.
Çox keçmədi ki, kabinetin küçəyə baxan pəncərəsinin önündə bir velosiped saxladı. Sarışın, hündürboy, ortayaşlı bir kişi velosipeddən endi. Masa ətrafında əyləşən almanlar bu kişiyə diqqətlə baxıb öz aralarında nəsə danışırdılar. Az sonra kişi bizim kabinetə daxil olub dramaturqların arasında qalan boş stullardan birində əyləşdi. Almanca bir şeylər danışdı. Mən isə gözümü tərcüməçiyə dikib intizarla bu qonağın kimliyini öyrənmək istəyirdim. Tərcüməçi onun nitqini belə tərcümə etdi: "Mən — Almaniyanın xarici işlər üzrə dövlət naziri Mixael Rot. Almaniyaya xoş gəlmisiniz…"
Ardını dinləyə bilmədim. Çünki fikrim qarışdı. Ürəyimdə deyirdim ki: "Belə də nazir olar? Hanı bunun sürücüləri, arxasınca maşın-maşın gedən polisləri, hanı bunun mühafizəçiləri?" Beş-altı cümlə danışandan sonra masa ətrafında əyləşənlərə alman pivəsi təklif edildi. Daha sonra tərcüməçi dedi ki: "Hər kəs menyudan istədiyini sifariş verə bilər. Hörmətli ədəbiyyat adamları bu gün nazirin əziz qonaqlarıdır".
Bu əsnada gülümsəyən nazir əlindəki pivə bakalını bizə doğru uzadıb, sonra başına çəkdi. Sonra da bizimlə yedi-içdi və sağollaşıb, velosipedi ilə uzaqlaşdı.
Bu almanlar da vəzifənin, rütbənin, kürsünün nə olduğunu bilmirlər. Onlar niyə anlamırlar ki, nazir də, millət vəkili də, lap adicə idarə müdiri də öz kürsüsünə möhkəm yapışıb insanlara yuxarıdan aşağı baxmalı, dövlət büdcəsini mənimsəməli, vəzifə səlahiyyətlərindən gen-bol sui-istifadə etməli, bacardıqca özləri üçün mal-mülk yığmalıdırlar. Əgər bunun yollarını bilmirlərsə, bizim bəzi məmurlar onlara bu mövzuda master-klas keçə bilərlər.
Almaniyada ilk izlədiyimiz tamaşa Maksim Qorki teatrının səhnəsində Folk Rixterin "Small Town Boy" tamaşası oldu. "Next Stage Europe 3" festivalının proqramı çərçivəsində Höte adına İnstitut tərəfindən aparıldığımız tamaşa eynicinsli münasibətlərdən bəhs edirdi. Tamaşanın məzmunundan və quruluşundan uzun-uzadı söhbət açmaq istəmirəm. Çünki nə məzmunu, nə də quruluşu bizim mühitin azad yaşam normalarına uyğun deyil.
Əsas məsələ bilirsiniz nədir? Deməli, bu yaxınlarda Almaniyada nigah bərabərliyi qanunu qəbul edildi. Bildiyiniz kimi, kansler Angela Merkel qanunun qəbul olunmasının əleyhinə idi, lakin parlamentin qərarına əsasən qanun qüvvəyə mindi. Xanım kanslerin bu bərabərlik qanununa qarşı çıxması teatrın hörmətli kollektivini möhkəm qəzəbləndirmişdi.
Tamaşanın sonunda kanslerin şəklini səhnənin tən ortasına qoyub onu insan haqları mövzusunda xeyli məzəmmət etdilər. Daha sonra xanım kanslerə izah etməyə çalışdılar ki, nigah bərabərliyi onun kiminləsə münasibət qurmağına mane olmayacaq və kimsənin onun şəxsi həyatına qarışmadığı kimi, o da insanların şəxsi həyatına müdaxilə etməsin.
Bir ölkənin paytaxtında yerləşən teatrda həmin ölkənin Baş nazirinin hansısa qanuna qarşı çıxması dövrün səhnə ustaları, yaradıcı adamları tərəfindən bu cür tənqid olundu və qapısının ağzınacan tamaşaçı ilə dolan auditoriya həmin aktyorları ayaq üstə alqışladı. Belə… Daha nə olsun?
Dünyanın ən böyük müharibəsindən məğlub çıxmış bir xalqın indiki nəhayətsiz azadlığına baxanda, azad yaşam tərzinə, tolerant düşüncəsinə, demokratiyasına, sərbəst yaradıcılıq ruhuna baxanda həqiqətən də, məəttəl qalırsan. Çox yox, 60-70 il bundan əvvəl barbar düşüncəli bu avropalılar qısa müddətdə necə bu qədər aliləşə bildilər?