QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni uşağa yardım əli uzatmaqla doğrumu etdim?

CC0 / Pexels / BoyUşaq
Uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Bir insana kömək etməkdən, bir uşağın həyata qayıtmasına yardımçı olmaqdan, bir ailəyə sevinc bəxş etməkdən daha gözəl nə ola bilərdi ki?

BAKI, 5 iyul — Sputnik. Qızımı növbəti dəfə yoxlamadan keçirmək üçün Moskvaya — N.N.Burdenko adına elmi-praktik Neyrocərrahiyyə Mərkəzinə aparmışdım. Növbə gözləyərkən, bir erməni ailə də yanımızda idi — 4-5 yaşlarında oğlan uşağı, onun atası və bibisi. Bizim həkimlə bir erməni neyrocərrah eyni otaqda otururdu. Erməni qadın bizi görüncə, soruşdu ki, erməni həkimi gözləyirik, ya yox. Haradan gəldiyimizi soruşdu. Bakıdan olduğumuzu biləndə, qadın erməni olduqlarını, özünün Moskvada, qardaşının isə Ermənistanda yaşadığını dedi.

Sonra o bizim uşağın problemini soruşdu, biz də onların. Məlum oldu ki, uşaqlarının beynində şiş var. Yerevanda həkimlər boyunlarına götürməyiblər. Heç Moskvadakılar da əməliyyata boyun olmurlar. Çarəsiz vəziyyətdə qalıb erməni həkimdən xahiş edəcəkdilər ki, barı onlara bu cür şişləri əməliyyat edə biləcək həkim tapmaqda kömək etsin. 

Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
QARABAĞ
MN: Erməni silahlı bölmələrinin təxribatı nəticəsində qadın və 2 yaşlı uşaq həlak olub

Bilirdim ki, qızımın Nijni Novqoroddakı həkimi bu cür şişləri əməliyyat edir və dəfələrlə uğurlu nəticələr əldə edib. Hətta Moskvadan onun yanına belə uşaqları gətirirlər. Erməni uşağa kömək edib-etməmək barədə tərəddüd edirdim. Çünki həyat yoldaşımın demək olar ki, bütün qohumları Ermənistan-Azərbaycan münaqişəsinin qurbanları idi. Kimisi şəhid olmuş, kimisi itkin düşmüş, kimisi də yurd-yuvasından, doğma torpaqlarından didərgin olmuşdu. Hər gün ailəmizin o ağrıları dinirdi. Uşaqlarımızın ata-baba yurdları, ermənilərin niyə doğmalarımızı öldürdüyü, bu müharibənin nə vaxta qədər davam edəcəyi barədə saysız-hesabsız suallarına cavab verməyə çətinlik çəkirdik. Ailə üzvlərimiz tez-tez itirdikləri kəndlərini, doğmalarını heç olmasa yuxuda görmək arzularını ifadə edirdilər. İndi isə qarşımızda körpəsinin ağır xəstəliyi qarşısında ikiqat əyilmiş erməni ata vardı. O ata ki, bəlkə də bizim doğmalarımızı şəxsən öldürmüşdü, bəlkə onun hansısa yaxınının əli Xocalıda günahsız körpələrimizin qanına batmışdı…

Növbəmiz çatdı. 1-2 saat həkimin yanında yubandıq. Eyni otaqdakı erməni həkim də yerlilərinin ümidini qırmış, onları uşağı Almaniyaya aparmağı məsləhət görmüşdü. Uşağın bibisi ağlayıb sızladı ki, qardaşı çox kasıbdır, uşağı da Moskvaya onun vəsaiti ilə gətirib, Almaniyaya necə apara bilər?! Ümidsiz halda otağı tərk etdilər. Biz otaqdan çıxanda erməni atanı ümidsiz halda liftin qabağında yerə çöküb ağlayan gördük. Liftə mindik, aşağı düşdük. Amma vicdan hissi mənə rahatlıq vermədi. Uşağı birlikdə apardığımız qohumuma dedim ki, bəlkə qayıdıb həkimin yerini onlara deyək? Mənimlə razılaşdı. 

Бронетранспортер азербайджанских ВС в городе Тертер, Азербайджан - Sputnik Azərbaycan
QARABAĞ
"Müharibə ehtimalı getdikcə artır"

Geri qayıtdıq, ermənilərə həkimimizi, onun koordinatlarını verdik. İnandırdıq ki, onların uşaqlarına həkimimiz kömək edəcək. Sevindilər, xeyli təşəkkür etdilər, ata dərhal xəstəxanadan ora necə zəng edə biləcəklərini soruşdu. Biz qəbul şöbəsində sənədlərimizi qaydaya salanda, onlarla bir daha qarşılaşdıq. Artıq həkimimizlə danışmışdılar, elə həmin gün Nijniyə yola düşəcəkdilər. Biz şəfa dilədik, onlar sevinclə təşəkkür etdilər.

Növbəti il qızımın vəziyyəti kritikləşdi. Onu yenə təcili əməliyyat üçün Nijni Novqoroda aparmalı olduq. Əməliyyatdan sonrakı gün uşağın vəziyyətini soruşmaq üçün həkimin qəbul otağına getdim. Gözlərimə inanmadım. Bir il əvvəl Moskvada rastlaşdığım ailə. Salamlaşdıq, onlara Burdenkoda rastlaşdığımızı xatırlatdım. Dərhal xatırladılar və qadın birnəfəsə dedi ki, o vaxt uşağı Viktor Vasilyeviçin (həkimimiz) yanına gətirdilər və o, əməliyyat etdi. İndi uşağın vəziyyəti əladır, heç bir problemi yoxdur. Sadəcə elə-belə, yoxlamaya gətiriblər. Qadın həkimə bizim onları ona yönləndirdiyimizi deməyi borc bildi. Həkimlə sağollaşıb otaqdan ayrıldılar.

Mənim azərbaycanlı, onların isə erməni olduqlarını, aramızdakı münaqişəni bilən həkim soruşdu ki, bunu necə etmişəm? Cavabında "siz olsanız, etməzdiniz?" dedim. O da dedi ki, o başqa, bizim vəziyyətimiz isə başqa. Əlavə etdim ki, bizim münaqişənin uşaqlara heç bir dəxli yoxdur. Axı onlar hələ heç nə baş verdiyini dərk etmirlər. Viktor Vasilyeviç "belə ürəyim" olduğuna görə mənə təşəkkür etdi. 

İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi - Sputnik Azərbaycan
QARABAĞ
İki yaşlı qızını torpağa tapşıran ata: "Silaha sarılmaq istəyirəm"

Otaqdan çıxanda erməni ailə koridorda məni gözləyirdi. Bizim uşağın vəziyyətini, ona bir xeyirlərinin dəyə bilib-bilməyəcəyini soruşdular. "Sizə borcluyuq. O vaxt siz bizə deyəndə, çox sevindik. Düzdür, bir az tərəddüd də edirdik ki, görəsən azərbaycanlılar bizə yalan demirlər ki? Sonra bu həkim barədə Nijnidəki tanışlardan da soruşduq. Başqa çarəmiz yox idi, uşaq əldən gedirdi. Biz onu Almaniyaya apara bilməyəcəkdik. Gətirdik, dərhal əməliyyat elədilər. İndi hər şey yaxşıdır, həyatına heç bir təhlükə qalmayıb" — deyə uşağın atası bildirdi.

Palataya qayıdanda fərəh hissi keçirirdim. Bir insana kömək etməkdən, bir uşağın həyata qayıtmasına yardımçı olmaqdan, bir ailəyə sevinc bəxş etməkdən daha gözəl nə ola bilərdi ki?

Bu gün Zəhra bəbənin qan içində olan nəşini görəndə, bir daha "əcəba, o vaxt erməni uşağa yardım əlimi uzatmaqda düzmü iş görmüşəm?" deyə düşündüm. Amma bilirəm ki, eyni halla rastlaşsam, yenə də eyni şeyi edərəm. Lənət olsun, içimdəki insan sevgisinə!!! Axı biz qəddar olmağı bacarmırıq. Biz uşaqlara qıya bilmirik. Bəs onlar niyə bunu edirlər?!!!

Xəbər lenti
0