BAKI, 5 iyul — Sputnik. Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb. Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan bəyanatda deyilir: "Biz, "Ermənistan-Azərbaycan Sülh Platforması" olaraq dərin hüzn ilə 4 iyul 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətindəki atışmalar nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması o cümlədən Quliyeva Sərvinazın ağır yaralanması ilə bağlı təəssüf hissi keçiririk. Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur.
Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesində kadinal irəliləyişlər olmadıqca iki dövlət arasında dəhşətli fəsadlara gətirə biləcək müharibənin baş vermə ehtimalını getdikcə artır. Bunun qarşısını almaq üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyən qüvvələr, beynəlxalq təşkilatlar tez bir zamanda real addımların atılması üçün fəaliyyətə keçməlidirlər.
"Ermənistan-Azərbaycan Sülh Platforması" olaraq, bir daha cəbhə xəttindəki dəhşətli olayda həlak olan şəxslərin ailələrinə səbir diləyir, bir daha bu cür itkilərin olmaması ümidi ilə tez bir zamanda münaqişənin sülh yolu ilə həll olmasına üçün tərəfləri atəşkəsə riayət etməyə çağırırıq".