BAKI, 4 iyul — Sputnik. Türkiyənin "Hürriyət" qəzetinin yazarı Verda Özer köşə yazısında indiyə qədər Sabancı Universitetinin müəllimi olan keçmiş hərbçi Metin Gürcanın Türkiyə Silahlı Qüvvələrinin (TSK) daxilində apardığı araşdırmadan bəhs edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Özer Gürcana istinadla yazıb ki, 15 iyul hadisələrindən sonra orduda Türkiyənin hakim partiyası AKP-nin və prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzu xeyli aşağı düşüb.
"Artıq milli təhlükəsizlik mütəxəssisimizə dönən Metin Gürcanla danışıram. Gürcan keçmiş hərbçidir və Sabancı Universiteti nəzdindəki İstanbul Siyasət Mərkəzinin (IPC) tədqiqatçısıdır. Doktorluq işini də "TSK-nın strukturlaşması"na həsr edib. Gürcan doktorluq işini yazarkən ordunun daxilində geniş sosial tədqiqat aparıb, anket sorğusu keçirib. O, belə bir nəticə əldə olunduğunu deyir: Atatürkçülük zabitlərin yüzdə 85%-nin istinad etdiyi təməl dəyər, həyat kredosudur. Ancaq aşağı rütbəlilər daha karyerist olduqları üçün öz eqolarını önə çıxarırlar. Hərbçilərin rütbələri artdıqca, onların siyasi dünyagörüşləri və üstünlük verdikləri dəyərlər də aydın şəkildə üzə çıxır. Bir sözlə, yüksək rütbəli hərbçilər arasında dünyəvilik hissi çox yüksəkdir" — deyə Özər yazıb.
Onun sözlərinə görə, Gürcan, ordunun yüzdə 85%-nin ultra-dünyəvi olduğunu deyib. Buna qarşı dayanan isə "dindarlıq"dır. O, orduda dindarlığın səviyyəsini də 4 kriteriya üzrə araşdırıb: oruc tutmaq, axirətə inam, sələmçilik və dinlə elmin əlaqəsi. Yüzdə 85% dinin dövlət işlərinə müdaxiləsinin xüsusilə əleyhinə olduğunu bildirib. Aşağı rütbəlilər arasında isə dünyəvilik hissi nisbətən zəifdir.
Gürcanın fikrincə, Atatürkçü, NATO tərəfdarı, Avrasiyaçı, milliyyətçi kimi bütün kateqoriyalar da sözügedən yüzdə 85%-in içindədir. Yəni Türkiyə hərbçilərinin əksəriyyəti Atatürkçü və ultra-dünyəvilərdir. Sadəcə, onların bir hissəsi sağ mərkəzə, digər hissəsi isə sol mərkəzə daha yaxındır.
Bununla yanaşı, Gürcan orduda fundamental olaraq siyasət baxımından sağa doğru bir sürüşmə olacağını gözləmir. Görünür, həm İraq və Suriyadakı hadisələr, həm də 15 iyuldan (bu tarixdə dövlət çevrilişinə cəhd olmuşdu) sonrakı proseslər orduda milliyyətçi damarı gücləndirib. Bu səbəbdən də terrorla mübarizədə itkilər verən Quru Qoşunlarının "ən sağ mərkəzdə" olduğunu söyləyir. Dəniz Qüvvələri də daha çox sahil bölgələrində yerləşdiyi üçün dünyəviliyin ən yüksək olduğu ordu hissəsidir. Hava Qüvvələri isə ortada dayanır.
Yerdə qalan 15%-ə gəlincə, Gürcan onları "radikal" hissə kimi qiymətləndirib. O, FETÖ-çü hərbçiləri də bu qrupa daxil edir. Amma FETÖ ilə əlaqəsi olan yüksək rütbəli hərbçilərin təmizləndiyini xüsusilə vurğulayır. Daha aşağı rütbəsi olanların isə hələ də böyük faizlə FETÖ ilə əlaqəsinin olduğunu qeyd edir. Yəni ordunun üst qatında hələ də FETÖ tərəfdarları 15% təşkil edir.
Bu faizləri təhlil edərkən orduda AKP-ni dəstəkləyən hissənin 100-də 1% olduğu ortaya çıxır. Gürcanın fikrincə, bu rəqəmlər onu göstərir ki, TSK Türkiyə ictimaiyyətinin ciddi bir bölümünü təcəssüm etdirmir.
Verda Özər bu təhlil nəticəsində o qənaətə gəlib ki, Türkiyədə ordu ilə iqtidarın münasibətləri həmişə sıxıntılı olub. Onun fikrincə, məsələnin ən ilginc tərəfi AKP-nin 15 ildir hakimiyyətdə olmasına baxmayaraq, hələ də ordu ilə münasibətlərinin sərin olmasıdır. Hardasa xalqın 50% seçicisinin səsini alan hakim partiya ilə hərbçilər arasında dərin bir uçurum var.
Müəllifin fikrincə, Ərdoğanın 15 iyuldan sonra yeritdiyi siyasəti ordunun aşağı qatında 50% dəstəkləsə də, 50% bunun əleyhinədir. Yüksək rütbəli hərbçilərin isə 70%-i qəti şəkildə Ərdoğanın siyasətinin əleyhinədir. Aprelin 16-da keçirilən Konstitusiya dəyişiklikləri ilə bağlı referendumda Türkiyə ordusunun 70%-dən çoxu dəyişikliklərə "xeyr" deməklə Ərdoğanı boykot edib. Gürcan "bəli" səsi verənlərin əksəriyyətinin aşağı rütbəlilər olduğunu deyib. Həmçinin qeyd edib ki, bu 30%-in də "bəli" səsi öz fikri deyil, konyukturanın təlqin etdiyi fikirdir. Yəni müvəqqəti xarakter daşıyır.
Gürcan qeyd edib ki, orduda "süni rəisçilik təbliğatı" nəticəsində Ərdoğana verilmiş dəstək "çox, çox, çox aşağıdır".