BAKI, 29 iyun — Sputnik. Azərbaycanda, xüsusilə paytaxt Bakıda ən çox problemləri olan sahələrdən biri də ictimai nəqliyyatdır. İctimai nəqliyyatdan istifadə edənlərin əksəriyyəti hansısa çatışmazlıqdan narazıdır. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkələrdə "İctimai nəqliyyatla bağlı nələrdən narazısınız" mövzusunda sorğu aparıb. Nəticələri təqdim edirik:
Elnurə Quliyeva: "Sərnişinlər hələ də dayanacaqda düşməyi öyrənə bilməyiblər. Şəhərkənarı avtobuslar çox bərbad gündədir. Onların da əvəzinə "Baku Bus" avtobusları olsa, yaxşı olar".
Nəminə Qəhrəmanova: "Avtobusların natəmizliyindən narazıyam".
Məhəmməd Türkmən: "Sürücülər sükan arxasında siqaret çəkirlər. Sərnişinlərə "sən" deyə müraciət edirlər. Əslində bu problemin kökündə dövlət qurumları dayanır. Sürücülər "Baku Bus"-da olduğu kimi maaş alıb, növbə ilə işləsələr, belə olmaz. Az qala 24 saat işləyən sürücülər var. Təbii ki, qəza da olacaq, söyüş də söyəcəklər, əsəbləri də gərgin olacaq".
Elvira İsmayılova: "Şəxsən mənim üçün ən böyük problem sürücü mədəniyyətinin olmamasıdır. Sürücülərin bəzən sərnişin daşıdıqlarını unutması, sürət həddini aşma, yüksək səslə musiqi dinləmələri, nəqliyyat vasitəsinin düzgün idarə edilməməsi, sərnişinlərlə kobud rəftar etmələri, avtobusda yer olmadığı halda "mehribanlaşın" və ya "arxaya keçin" deyilməsi məni narahat edən problemlərdəndir".
Faiq Mahmudov: "Qadağalara rəğmən, avtobusda sürücü tərəfindən siqaret çəkilməsindən çox naraziyam. Hər dəfə söndürmələrini tələb edəndə mübahisə edirlər. Sanki ictimai nəqliyyat sistemi nəzarətsiz bir qurumdur".
Tahir Baliyev: "Sürücülərin yüksək səslə dinlədiyi musiqilərdən, eyni zamanda, vaxtı uzadaraq sərnişinlərin gedəcəyi yerə gecikmələrindən narazıyam".
İsmayıl İstanbul: "Ümumiyyətlə, təklif edirəm ki, ictimai nəqliyyat gecə saat 02:00-a kimi işləsin".
Bəhruz Salmanov: "Sürücülərin avtobusu sürətli sürməsindən, sükan arxasında siqaret çəkməsindən, dayanacağa yaxınlaşmağına baxmayaraq sürəti azaltmamasından, sərnişinlərin nəqliyyatdan enməsini gözləmədən avtobusu yerindən tərpətməsindən narazıyam".
Elnur Mədətoğlu: "Sürücü mədəniyyəti çox aşağıdır, qrafik üzrə hərəkətə məhəl qoyulmur. Bu, xüsusilə axşam saatlarında daha çox özünü göstərir. Bir sözlə, bu sahədə vəziyyət çox pisdir".
Rüzgar Mövsüm: "Yüksək sürət, sürücülərin qoşduğu yüksək səsli musiqilər, sürücülərin ümumi davranış və sərnişinlərlə mədəniyyətsiz danışığı, sürücülərin salonda siqaret çəkməsi, avtobuslarda qəza çıxışı üçün çəkiclərin olmamasından narazıyam".