BAKI, 13 mart — Sputnik. Ölkədə yol qəzalarının artması, yollarda baş verən faciələr bu sahədə boşluqlar olmasından xəbər verir. Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında "İctimai nəqliyyat vasitələri ilə bağlı nə kimi problemlərlə üzləşirsiniz? mövzusunda sorğu keçirib. Sosial şəbəkə istifadəçilərinin cavabı müxtəlif olub.
Yeganə İsmayılova: "Məncə ən böyük problem sürücü ehtiyatsızlığıdır".
Məhəmməd Abbasov: "Sərnişin sıxlığı, sürücü ehtiyatsızlığı".
Nigar Həsənli: "Ümumiyyətlə, marşrutun az olması ən böyük problemdir. Avtobus vaxtında gəlsə də, sərnişinlə dolu gəlir. Buna görə də avtobusa minməkdə çətinlik çəkirik".
Könül İbrahim: "Mən 12 nömrəli avtobusdan istifadə edirəm. Səhər "Neftçilər"ə gələndə problem yaşamıram, şürücülər səliqəli sürürlər avtobusu. Amma axşam işdən çıxanda avtobusda sıxlığdan əziyyət çəkirəm. Hamının işdən çıxan vaxtı olur. Sürücülər bir-biri ilə yarışır, sürətli sürürlər".
Bahadur Azadi: "Bəzi sürücülər avtobusa o qədər sərnişin yığırlar ki, tərpənmək olmur. Məsələn, 211 nömrəli marşrut kimi. Avtobusda sərnişinlər az qala sürücü ilə eyni oturacağı bölüşürlər. Sərnişinlər yıxılmasınlar deyə, bir-birilərindən tuturlar. Dəfələrlə olub ki, hansısa bir metroya sağ-salamat çatmaq üçün mən o avtobusda dua etmişəm".
Günel Eyvazlı: "Sürət həddinin aşılması üzləşdiyim ən böyük problemdir".
Elşən Ağalar: "Sərnişin sıxlığı, sürücü ehtiyatsızlığı, yollarda özbaşnalıq, ünvana vaxtında çatmamaq və s. Əsasən də kartsız ödəniş olan maşrut avtobuslarında problemlər yaşayırıq. Bəzi sürücülər Formula 1 pilotlarından da geri qalmırlar".
Həsən Həsənov: "Xırdalandan səhər işə gedəndə 1 manata "20 yanvar"a aparan taksilər bir-biri ilə yarışa girir. Təhlükəli sürürlər, yolda sıxlıq yaradırlar. Həmçinin, Sumqayıt və Masazır taksiləri də əsas yolda Xırdalan taksilərinə qoşulur. Beləliklə, metronun üstündəki körpüdə də sıxlıq yaradırlar".
Gülnar İsrafilova: "Memar Əcəmi — Xirdalan istiqamətində hərəkət edən 135 nömrəli avtobusla hər dəfə evə gedərkən özümü və həyatımı Allaha tapşırıram. Avtobuslar köhnə, yollar bərbad, sürət həddi yüksək… Sərnişin sıxlığından ayaqlarının, əllərinin harada olduğunu hiss etmirsən. Belə sürücülərlə davamlı mübarizəm artıq məni məşhurlaşdırıb. Bir dənə də sevimli sözləri var — "Bir az mehriban olun, sıxlaşın". Yaxud da "bəyənmirsən minmə, düş, taksi ilə get" deyirlər. Elə bil öz şəxsi minik vasitələridir. Bu sözə görə sürücünü saxladıb, özünü həmin sərnişinlərin cərgəsinə qatasan ki, gəl mehribanlaş görüm bacarırsan? Yüksək sürətlə hərəkət edən bu avtobuslar dəfələrlə minik maşınları ilə toqquşub. Hər dəfə Allah bizi qoruyub".
Elnur Ağayev: "Elmlər Akademiyası metrosu qarşısındakı dayanacaqda pik saatlarda böyük sərnişin sıxlığı müşahidə olunur. Xüsusən səhər saatlarında. Əvvəllər buradan Milli Məclisi istiqamətində çox avtobus işləyirdi. Amma çox gözəl işləyən 7 saylı marşrut avtobusu ləğv elədilər. Üstəlik, neçə illər idi, dayanacaq "Alov qüllələri"nin qarşısında idi. Lakin bir ay əvvəl bu dayanacağı ləğv etdilər. Oradan metro istiqamətində getmək istəyən insanlar bir dayanacaq piyada gedib DTX-nin qarşısındakı dayanacaqdan minmək məcburiyyətində qalırlar".