BAKI, 29 iyun — Sputnik. Madrid "Real"ının və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo əkiz oğlanlarının dünyaya gəldiyi barədə xəbəri təsdiqləyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə öz facebook səhifəsində məlumat verib.
"Mən bütün gücümü yığmanın matçlarına verdim, baxmayaraq ki, iki oğlum dünyaya gəlib. Təəssüf ki, biz qarşıya qoyduğumuz məqsədə çata bilmədik, amma irəlidə portuqaliyalılara sevinc bəxş edəcəyimizə əminəm" — deyə Ronaldo bildirib. O, əlavə edib ki, əkizlərini ilk dəfə görəcəyi üçün çox şaddır.
32 yaşlı futbolçu Portuqaliya yığmasının məskunlaşdığı yeri onun komandası Konfederasiyalar kubokunun yarımfinalında Çiliyə uduzandan sonra tərk edib. Həmin görüş iyunun 28-də "Kazan Arena"da olub. Cənubi Amerika təmsilçisi həmin matçda penaltilər seriyasında 3:0 hesabı ilə qalib gəlib.
KİV iyunun 11-də Ronaldonun surroqat anadan əkiz oğlanlarının olması ilə bağlı məlumat yaymışdı. Futbolçunun əkizlərdən başqa altı yaşlı Kriştianu adlı oğlu var. Kiçik Kriştianu da surroqat anadan dünyaya gəlib. Hazırda hücumçu 22 yaşlı ispan model Corcina Rodrigeslə görüşür.