BAKI, 29 iyun — Sputnik. Dünyanın 1 nömrəli futbolçusu, hazırda "Barcelona" forması geyinən Lionel Messi uzun illərdir bərabər yaşadığı, iki övladının anası olan Antonella Rokkuzo ilə evlənir. Artıq toya son hazırlıqlar görülür. Sputnik Azərbaycan "Sport"-a istinadən xəbər verir ki, futbolçunun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar gələcək.
İspaniya mətbuatı yazır ki, "ilin toyu" üçün dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaq. Artıq dünən 12 şəxsi təyyarə toyun keçiriləcəyi şəhərə eniş edib.
Qonaqlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Bu gün isə Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçuların da şəhərə təşrif buyurmaları gözlənilir.
Bundan başqa, 300-ə yaxın polis, sabah şəhərin mərkəzində ciddi təhlükəsizlik tədbirləri görəcək. Toy mərasimini dünyanın fərqli ölkələrindən gələn 150 media təmsilçisi işıqlandıracaq.