BAKI, 12 iyun — Sputnik. İkiqat cinayətin qan donduran detallarını Sputnik Azərbaycan-a Masallı rayon hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlayıb.
Ona həyat bəxş edən valideynlərinə əl qaldırmağı oğulu nə vadar edib? Bu sual hüquq-mühafizə orqanlarına rahatlıq vermir və onlar indiyə qədər də gördüklərinə haqq qazandıra bilmirlər.
İyunun 9-da yerli KİV Masallı rayonunda ikiqat qətl hadisəsi barədə məlumat yaymışdı. Miyenkü kəndinin sakini, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birlikdə valideynləri — atası Etibar Ağayevi və anası Rəfiqə Ağayevanı balta ilə doğrayıb. Sonra qatillər öz qurbanlarını tövlədə basdıraraq üstünü betonlayıblar. Bu ağır cinayət ailə-məişət münaqişəsi zəminində baş verib. Yalnız şənbə günü bu amansız qətlin təfərrüatları məlum olub.
Belə ki, iyunun 5-də Azər Ağayev Masallı rayon Polis Şöbəsinə valideynlərinin itkin düşdüyü barədə məlumat verib. O bildirib ki, valideynləri evdən gediblər və qayıtmayıblar. Əməliyyatçılar araşdırma aparıblar və müəyyən ediblər ki, Ağayevlər heç yerə getməyiblər. Eyni zamanda kənd sakinləri bildiriblər ki, Ağayevlərin evində daim valideynlərlə ailənin oğlu arasında münaqişələr olur.
Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarına gəlin Asudənin Rəfiqə Ağayevanın qohumu olduğunu deyiblər.
Təbii olaraq ilk şübhəlilər Azər və Asudə Ağayevlər olub. İstintaq-əməliyyat qrupunun əməkdaşları onları nəzarətə götürüblər. Valideynlərinin itkin düşməsi ilə bağlı polisə məlumat verdiyinin səhərisi günü Ağayev yenidən polis idarəsində peyda olaraq istintaqın gedişi ilə maraqlanıb. Oğul özünə elə görkəm verib ki, guya valideynlərinin taleyindən narahatdır. Polisdə Ağayevi valideynlərinin tapılacağına əmin etdikdən sonra evə yola salıblar. Kişi heç başa da düşməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onu izləyir və hər addımını öyrənirlər.
Tezliklə istintaq-əməliyyat qrupunun üzvləri Ağayevlərə qonaq gedərək ehmalca əraziyə baxış keçiriblər. Kriminalistlərin diqqətini tövləyə yeni tökülmüş beton cəlb edib. Şübhəli şəxslərlə davam edən söhbətlər əsnasında cinayətin üstü açılıb. Ağayevlər etiraf etmək məcburiyyətində qalıblar ki, betonun altında ölmüş valideynlərin cəsədləri var. Amma Azər günahı dərhal boynuna almayıb.
"O, nəyəsə ümid edərək əvvəlcə valideynlərini arvadı Asudənin öldürdüyünü, özünün isə qıraqda dayandığını dedi. Saxlanılan şəxslər bildirdilər ki, valideynlərlə yola getməyiblər, sonuncular onlara yaşamağa imkan verməyiblər. Bu səbəbdən onlar hətta iki dəfə ayrı yaşamağa cəhd ediblər və bu münasibətlə kirayə ev də tutublar. Amma valideynləri onları geri qaytarıblar ki, Azər evin yeganə oğludur (onun ərdə olan bacısı da var) və valideynləri ilə eyni evdə yaşamalıdır" — deyə hüquq mühafizəçiləri bildiriblər.
Növbəti münaqişə zamanı Azər valideynlərini öldürmək qərarına gəlib. Səhər o yuxudan duran kimi baltanı götürərək atasının yatdığı otağa gəlib. Azər soyuqqanlılıqla yatan atasının başına iki zərbə vurub və boğazını kəsib. Sonra həyətə düşüb. Bu vaxt anası ayaqqabını soyunaraq evə girməyə hazırlaşırmış. Oğul anasının kürəyinə balta ilə bir neçə zərbə vurub. Ölmüş ər və arvadın meyitlərini otağın bir küncünə yığaraq xəndək qazmaq üçün tövləyə gediblər.
"Xəndək bir metr dərinlikdə idi. Biz hələ də gördüklərimizin şokundan özümüzə gələ bilməmişik. Bu adamlıqdan kənar olan şəxslər görüblər ki, valideynlərin cəsədləri xəndəyə yerləşmir, onları parçalayaraq basdırıblar və üstlərini betonlayıblar. Onlar hətta etdikləri əmələ görə peşman belə olmayıblar. Belə halları görəndə adam Azərbaycanda ölüm hökmünün ləğv olunduğuna təəssüf edir" — deyə hüquq mühafizəçiləri bildiriblər.
Ağayevlərin üç uşağı var və onlar uşaq evinə veriləcəklər.