Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Masallı rayonu Miyənkü kənd sakini Azər Ağayev və həyat yoldaşı Asudə Ağayeva ilə birlikdə ailə münaqişəsi zəminində öz ata-anası Etibar Ağayev və Rəfiqə Ağayevanı balta ilə qətlə yetirib. Qətli törətdikdən sonra cəsədləri həyətlərindəki tövlədə basdırıb, üzərini betonlayıblar.
Hadisə iyun ayının 5-də baş verib. Həmin vaxtdan yoxa çıxan ərlə arvadı soruşan digər kənd sakinlərinə Azər Ağayev öz valideynlərinin Rusiyaya getdiklərini deyirmiş. Yaxınları çox maraqalandığına görə hadisəni törədən şəxs polisə gedərək valideynlərinin itməsi haqqında məlumat verib. Masallı Rayon Polis şöbəsinin əməkdaşlarının apardığı araşdırmadan sonra oğul və gəlinin evdə yaranan münaqişədən sonra valideynlərini balta ilə qətlə yetirdikləri məlum olub. Dindirilmə zamanı “oğul və gəlin” izi itirmək məqsədilə cəsədləri həyətdəki tövlədə bir metrdən artıq qazdıqları çalada basdırdıqlarını, üzərini betonla örtdüklərini və həmin yerdə mal-qaranı saxladıqlarını etiraf ediblər.
Bildirək ki, hər iki meyit basdırılan yerdən çıxarılaraq müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Şöbəsinə aparılıb. Qətli törədən şəxslər həbs edilərək istintaqa təhvil veriliblər.
Onu da əlavə edək ki, qətli törədən şəxslərin üç azyaşlı övladları var.
Baş verən hadisə ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.