BAKI, 9 iyun — Sputnik. Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 2017-ci il 23 may tarixində keçirilən növbəti iclası zamanı, Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərini təsdiq edib. Tarif (qiymət) Şurasının qərarına əsasən, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri aşağıdakı cədvələ uyğun müəyyən edilib:
AA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 110 manat, AB vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 100 manat, AC vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 90 manat, BA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 80 manat, BB vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 70 manat, CA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 10 manat, DA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 10 manat.
Bəs heç birdə işləməyən, imtahanı işə qəbul olmaq üçün verən şəxslər üçün yüksək məbləğin tətbiq edilməsi nə dərəcədə düzgündür? Vətəndaşlar arasında bu imtahanlara marağı necə dəyişəcək və hansı nəticələrə səbəb olacaq?
Sputnik Azərbaycan-a açıqlama verən dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov bildirib ki, Tarif Şurasının elan etdiyi qiymətlər çox bahadır: "Bundan əvvəl elan olunan bakalavr və magistr səviyyəsində verilən imtahan qiymətlərinin baha olması, dövlət qulluğunda keçiriləcək imtahan qiymətlərinin də baha olacağından xəbər verirdi".
"Hal-hazırda Azərbaycanda yaşayış minimumunu, əhalinin ortaq əmək haqqının aşağı olmasını nəzərə alsaq, imtahanların bu qədər baha olması düzgün deyil. Nəzərə alaq ki, imtahan verən şəxslər hələ imtahanlara qədər hazırlıq mərkəzlərində hazırlaşır və ona da pul ayırmalı olurlar. Daha bir məsələ ondadır ki, insanlar birinci turda pul ödədikdən sonra ikinci mərhələyə keçib-keçməyəcəklərini bilmirlər" — mütəxəssis bildirib.
Onun fikrincə, məhz bu faktlar insanların dövlət imtahanlarına marağını azaldacaq və bu da özlüyündə dövlət yerlərində kadr çatışmazlığına və peşəkarların azalmasına səbəb olacaq: "Bir növ bunun nəticəsində dövlət orqanlarında ciddi peşəkar kadr çatışmazlığı yaranacaq. Uduzan isə dövlət orqanları olacaq".
Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında, sözügedən qiymətlərdən narazı olduğunu qeyd edib: "Bir hüquqşünas olaraq deyə bilərəm ki, tamamilə ədalətsiz qərardır. Çünki əhalinin minimum əmək haqqı 116 manatdırsa, onda necə ola bilər ki, imtahana 110 manat ödənilsin? Parta arxasından duran və qazancı olmayan insan bu pulu haradan versin?"
"Eyni zamanda, qanunvericilikdə deyilir ki, hər bir vətəndaşın dövlət qulluğuna iddia etmək hüququ var. Amma bu tariflər bəzi vətəndaşların yolunu bağlamaq deməkdir. Bir hüquqşünas kimi subyektiv fikrim budur ki, bu ədalətli deyil" — E. Həsənov bildirib.
Hüquqşünas hesab edir ki bu qiymətlər imtahan verənlərin sayını azaldacaq: "Eyni zamanda, savadlı kadrların karyera qurmasına da əngəl ola bilər. Belə ki, pulu olmayan kadrlar imtahan verməkdən imtina edəcək".
Təhsil eksperti Kamran Əsədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2005-ci ildən etibarən Azərbaycanda dövlət qulluğuna iddialı şəxslər müəyyən baryerlər aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər: "Lakin illər üzrə həyata keçirilmiş imtahanların nəticələri göstərir ki, dövlət qulluğuna qəbul üçün qanunvericiliyin tələblərindən irəli gələn ikimərhələli baryer sistemi iddialı şəxslərin dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır. Belə ki, "Dövlət qulluğu haqqında" Qanuna görə, dövlət qulluğuna qəbulun birinci mərhələsi test üsulu ilə həyata keçirilir".
"İkinci tur isə əvvəllər Dövlət Qulluğu Komissiyası tərəfindən, indi isə Dövlət İmtahan Mərkəzi tərəfindən vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin iştirakı ilə video çəkilişlə keçirilən sual-cavab mərhələsidir. Bu hüquqi mexanizmlərdən yararlanmayan vətəndaşların sayı isə az deyil. Bir neçə dövlət qulluğuna yiyələnmək istəyib arzusuna çata bilməyən şəxs mənə müraciət edib ki, müsahibə mərhələsində lazımi bal vermək üçün, "yuxarıların" tapşırığı olmalıdır" — K. Əsədov əlavə edib.
Onun fikrincə, həqiqətən də imtahan verən və sonda uğurla işə qəbul olunanlar arasındakı ciddi say fərqi insanda şübhə yaradır: "Hesab edirəm ki, "Dövlət Qulluğu Haqqında" Qanunda test üsulundan sonrakı mərhələ sovet dönəmindən qalma ənənədir. Amma istər orta ixtisas, istər bakalavr, magistr, istərsə də dövlət qulluğuna qəbul imtahanları üçün müəyyən olunmuş xidmət haqqı qiymətləri hədsiz dərəcədə yüksəkdir və reallığı əks etdirmir".
Ekspert diqqətə çatdırıb ki, bu qiymətə dövlət qulluğuna qəbul imtahanı olmaz: "110 manat verib ikinci mərhələdə kiminsə qurbanına çevrilmək olmaz. 2005-ci ildən 2016-cı ilə qədər bu imtahanlar pulsuz olaraq həyata keçirilib. Məhz bu imtahanın digərlərindən fərqi odur ki, birbaşa dövlətin kadr ehtiyaclarının həllinə yönəlib. Yüksək imtahan qiymətləri imkansız, lakin savadlı-perspektivli şəxslərin kənarda qalması ilə nəticələnəcək".