BAKI, 7 iyun — Sputnik. "America's Got Talent" şousu dünyaca məşhur layihələrdəndir. Dünən baş tutan növbəti tur zamanı azərbaycanlı iki qardaş münsiflər heyətini və tamaşaçıları heyrətləndirməyi bacarıb.
Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları, qədim Azərbaycan idman növü sayılan pəhləvanlıq nümayiş etdiriblər. Çıxış zamanı hər kəsi təəccübləndirməyi bacaran qardaşlar bir gecənin içində məşhurlaşmağı bacarıblar.
Laçın Pəhləvanoğlu Sputnik Azərbaycan-a dünən baş tutan şou ilə bağlı təəssüratlarını bölüşüb.
— Dünyada bir çox istedadları müəyyən edən yarışmalar keçirilir. Belə olan halda niyə məhz "America's Got Talent" layihəsində çıxış etməyi qərara aldınız?
— Biz hər il müxtəlif ölkələrdən şou verilişlərə dəvət alırıq. Türkiyənin "Yetənək Sizsiniz", Moldovanın "Talant Şou"suna, Hindistanın "Rekordlar Federasiyasına", Gürcüstanın "Talant Şou"suna dəvətlər almışıq. Amma ən reytinqli şou "America's Got Talent" olduğu üçün burada çıxış etməyi seçdik.
— Bir gecədə bütün dünyanı heyrətləndirə bildiniz. Təəssüratlarınız necədir?
— Normal qarşıladıq bunu. Çünki artıq alışmışıq belə populyarlığa. Ən ağır, riskli çıxışımız "Ukrayna Talant Şou"da olub. Ondan sora digər şoularda iştirak etmək adi gəlir bizə. Əsasən ona görə sevinirik ki, Azərbaycanın cəsur igidlərinin olduğunu dünyaya göstərmiş olduq.
— Qədim sənət olan pəhləvanlığı dünyaya təbliğ edirsiniz. Bu cür təhlükəli səhnələri neçə müddətə hazırlayırsınız? Bunun sizin həyatınız üçün təhlükəsi ola bilər?
— Nömrənin çətinliyinə baxır. Elə nömrələr var ki, aylarla bir hərəkət üzərində işləmişik. Hal-hazırda göstərmədiyimiz çox nömrələrımız var. Təbii ki, səhlənkarlıq etsək, göstərdiyimiz nömrələrin bizim həyatımız üçün təhlükəsi ola bilər. Ona görə də, bütün göstərdiklərimizi günlərlə məşq edirik. Bizim məqsədimiz bu qədim sənəti yaşatmaq və tanıtmaqdır. Çünki pəhləvanlıq Azərbaycanın qədim sənətidir və Azərbaycan kişilərinin cəsurluğunu nümayiş etdirir.
— Bu yarışmada qalib gələcəyinizə inanırsınız? Ümumiyyətlə, yarışmada iştirak etməyinizin məqsədiniz nədir?
— İnanmıram qalıb olaq. Çünki bizim çıxışımızı rahat izləyə bilmirlər, açığı heç finala getmək məqsədimiz də deyil. Biz keçən il Dünya Rekordlar Kitabına düşmüşük, indi isə əsas məqsədimiz Ginnesin Rekordlar Kitabına düşməkdir və ölkəmizin adını bu sənətlə tanıtmaqdır. Qeyd edim ki, hələ qarşıdakı planımızda bir necə ölkə var ki, oradakı rekord şoularına qatılacağıq.
— 2016-cı ildə Dünya Rekordlar Kitabına hansı rekordla düşmüsünüz?
— Kecən il "Ukrayna Talant Şou"da fınalçı olduq, çıxışlarımızı çox bəyəndilər və Ukraynanın Dünya Rekordlar Federasiyası tərəfındən 2016 Dünya Rekordlar Kitabına salındıq. Qardaşım və mən hər birimiz 4 nömrə ilə bu kitaba düşdük. Biz hal-hazırda 7 qat dünya rekordçusuyuq. Əsas nömrələrdən biri mənim göz qapaqları ilə 34 kiloqram ağırlığı qaldırmağımdır. Həmin rekordla bu kitaba düşdüm. Qardaşım boğazına ucu çox iti olan bel qoyaraq, çəkisi 67 kiloqram olan insanı bir dəqiqəyə yaxın saxlamaqla rekordçu oldu. Çox güman ki, 2017-ci ildə də rekordlar kitabına düşə biləcəyik. Hər birimizin 10 nömrəsi var ki, Ginnesin Rekordlar Kitabına düşə bilər.