BAKI, 2 iyun — Sputnik. "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyət bütün kateqoriyalı əlilliyi olan insanların haqqının və hüquqlarının müdafiəsi, eyni zamanda əlilliyi olan məhbusların özlərinin və ailə üzvlərinin sosial və tibbi problemlərinin həlli ilə məşğul olur.
Xatırladaq ki, əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası 2 oktyabr 2008-ci il tarixində "Əlillərin hüquqları haqqında Beynəlxalq Konvensiya"ya qoşulub. Sputnik Azərbaycan "Beynəlxalq Əlillər Cəmiyyəti"nin sədri Tahir Xudiyevlə müsahibəni təqdim edir:
- Tahir müəllim, əlillər daha çox hansı problemlərlə cəmiyyətinizə müraciət edirlər?
— Əlillər daha çox sosial müavinət, təhsil, sağlamlıq, asudə vaxtın səmərəli keçirilməsi və digər problemlərlə bağlı bizə müraciət edirlər. Əlil məhkumların hüquqlarının müdafiəsi bizim öz təşəbbüsümüz ilə oldu. Biz Ədliyyə Nazirliyinə müraciət etdik və razılıq verildi. Cəzaçəkmə müəssisələrinə gedəndə məhkumlar özləri yaxınlaşıb problemlərini danışır, məsləhətlər istəyirdi. Ən çox problem təqaüdlərin alınması, əlillik dərəcələrinin təyin olunması ilə bağlı idi.
Məhbusların protez problemləri də var idi. Məhkumlardan ikisinin göz protezi problemi var idi. Onların gözü irinləmişdi. Yardımlarımızla protezlər dəyişdirildi. Ayaq protezi ilə olan məhbuslar dayaq vasitələri, əsalarla təmin edildi. Məhbuslardan biri danışırdı ki, uşağı 4-cü mərtəbədən yıxılıb. Ağır xəsarət aldığı üçün müalicəyə ehtiyacı vardı. Ata həbsdə, ailənin maddi vəziyyəti də çox aşağı idi. O çarəsizlikdən bizə yaxınlaşıb problemlərini bölüşmüşdü. Biz onların ailəsinə yardım edəndə, heç kim gözlərinə inanmırdı. Bilirisiniz də, yaşadığımız cəmiyyətdə məhbusa, məhbusun ailəsinə qarşı münasibət birmənalı deyil.
Qaraciyər serrozundan əziyyət çəkən məhbus var idi. O bilmirdi ki, belə xəstələrə dərmanlar pulsuz olaraq verilir. Biz nazirliyə müraciət etdik və onun üçün dərmanların verilməsinə nail olduq. Sumqayıtlı bir məhkum vardı. Həyat yoldaşı tibb bacısı idi, amma işləmirdi. O məhbusun uşaqlarının liseyə qəbul edilməsinə, həyat yoldaşının işə düzəlməsinə kömək etdik. Çox sevinirdilər. Sizə bir söz deyim, mən bu işləri etdikcə, insanların sevincini görüb ruhlanıram, həyata, yaşamağa həvəsim artır. Biz əlil məhbusların vəziyyəti ilə o qədər yaxından maraqlanırıq ki, onları xatırlayırıq, onlar da bizi unutmur.
- Hansı cinayətlər üzrə məhkumlara yardım etmək mümkün olur?
— İslah oluna biləcək, ağır cinayətlər törətməyən əlil məhkumlara qanunlar çərçivəsində bacardığımız yardımı etməyə çalışırıq. Bir məhkumumuz vardı, İmişli rayonunda yaşayırdı. Həyat yoldaşı və iki qızı vardı. Çox acınacaqlı vəziyyətdə yaşayırdılar. Həyat yoldaşı ağlayıb deyirdi ki, mənim avtobusa verməyə 20 qəpiyim yoxdur ki, harasa gedim, bir iş tapım. Qadın savadsız qadın idi. Biz ona da bacardığımız yardımları etdik. Dövlət əlil məhkumlara qayğı göstərir. Amma məmurların laqeydliyi vəziyyəti ağırlaşdırır.
- Məhkumlar azadlığa çıxanda daha çox hansı problemlərlə müraciət edirlər?
— Əlil məhkumların problemləri çoxdur. Bu, o demək deyil ki, dövlət əlillərin qayğısına qalmır. Qeyd etdiyim kimi, bizim cəmiyyətimizə Qarabağ əlilləri, imtiyazlı məhbuslar, əlil məhbuslar və s. şəxslər müraciət edir. Bacardığımız qədər onlara yardım etməyə çalışırıq. Çox zaman məhkumlara yardım edəndə daha çox məmurların laqeydliyi ilə qarşılaşırıq. Məhbuslar azadlığa çıxanda onlar birdəfəlik yardım almaqda, şəxsiyyət vəsiqələrinin alınmasında problemlər yaşayırlar. Məhkumlar tibbi problemlər, əlillik problemləri ilə, pensiya problemləri, ailələrinin yaşadıqları problemlərlə bağlı müraciət edirlər. Biz onlara dəstək olanda, həm də onlara psixoloji dəstək olmuş oluruq.
Məhkum var, iki ayağı da yoxdur. Onun azadlığa çıxması, protezlərinin düzəlməsi üçün yardım etdik. Onun gözəl əl qabiliyyəti var, həm oyma sənəti ilə məşğul idi, həm də taxtadan gözəl fiqurlar hazırlamağı bacarır. Hazırda Xırdalanda yaşayır. Cəmiyyətin bəlasıdır: cinayətkardırsa, hamı ondan uzaq olur. Biz bunu nəzərə alaraq məhbusların qohumları, qonşuları ilə də görüşlər keçiririk. Ola bilər ki, biri cinayət törətsin, amma o şəxsin övladı dövlətə yararlı ola bilər.
"İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi" layihəsi çərçivəsində bir çox imtiyazlı məhbusların problemlərinin müsbət həllinə nail olmuşuq. 2015-ci ildə Qaynar xəttə Şabran rayonundan Xanlar Mirzəyev zəng edərək, qardaşı, 2-ci qrup Qarabağ əlili İmran Mirzəyevə kömək etməyimizi xahiş etdi. İmran Mirzəyev ömürlük azadlıqdan məhrum edilib. O, həyat yoldaşının anasını və qardaşını odlu silahla qətlə yetirmişdi. Onun həyat yoldaşı Xanım Mirzəyevə bizə bildirdi ki, anası onun ailəsinə müdaxilə edib, ailəsini dağıtmaq istəyirmiş. Mirzəyevə xahiş edirdi ki, onun həyat yoldaşı, ağır kontuziya keçirmiş II qrup Qarabağ əlili İmran Mirzəyevin ömürlük həbs cəzasını müddətli həbs cəzası ilə əvəz edilməsinə kömək edək. Hazırda bizim də səylərimiz nəticəsində İmran Mirzəyevin ailəsinə Şabran rayonunda ev verilib. İmran Mirzəyevin ömürlük cəzasının müddətli cəza ilə əvəz edilməsi üçün də müəyyən qurumlara müraciət etmişik. İnşallah, nəticəsini görərik.
Hazırda biz yeni layihə üzərində çalışırıq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək" layihəsi üzərinə çalışırıq. Bizim hər zaman bir məqsədimiz olub: həqiqətən çalışıb, bizə ehtiyacı olanlara yardım etmək.