CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizə atılan daşlardan bina tikəcəyik

Abunə olmaq
Sübut etdik ki, azərbaycanlılardan ancaq alverçi çıxmır

BAKI, 25 may — Sputnik. Jurnalistikada olduğum 20 ildən artıq bir müddətdə müxtəlif KİV-də, müxtəlif imzalarla minlərlə məqalə yazmışam. Sputnik Azərbaycan fəaliyyətə başlayanda burada mənə işləməyin çətin olacağını düşünürdüm. Çünki Sputnik agentliyi və radiosunun Azərbaycanda fəaliyyətə başlayacağı xəbəri top-tüfənglə qarşılanmışdı.

Sputnik Azərbaycan-ın redaksiyası - Sputnik Azərbaycan
Sputnik Azərbaycan ilk onluğa daxil oldu

Ölkə rəhbərliyi, media siyasətini anlayan, regionda və dünyada gedən siyasi proseslərdən baş çıxaran adamlar üçün Sputnik Azərbaycan-ın bir başqa anlamı vardı. Onlara görə bu, ölkəmizin səsini dünyanın 300 milyondan artıq rusdilli və rus dilində danışan əhalisinə duyurmaq üçün əla bir fürsət idi, hakimiyyət üçünsə həm də Rusiyaya edilən mədəni-siyasi bir jest. Yəni ki, biz, sözdən, fikirlərin qarşılaşdırılmasından, informasiyanın mahiyyəti və yayılma arealından qorxmuruq. Bizə görə KİV həm də qarşılıqlı əlaqələrin, münasibətlərin, məlumat mübadiləsinin gücləndirilməsi üçün gözəl bir vasitədir.

Dünyada insanlar arasında ünsiyyətin yaradılmasında, qarşılıqlı fikir və düşüncələrin paylaşımında informasiya bazarından daha önəmli bir platforma yoxdur. Rusiya üçün Sputnik İA dünyaya açılan pəncərədir, Azərbaycan üçünsə nəhəng informasiya axınına çıxış, özünü dünyaya olduğu kimi, birbaşa təqdim etmək imkanıdır. Burada həm də dövlətlərin siyasi maraqları müzakirə mövzusudur. Biz bu maraqların uzlaşmasından yanayıq.

Sübut etdik ki, azərbaycanlılardan ancaq alverçi çıxmır!

Bura toplaşan kollektiv kimlərdən ibarətdir? Jurnalistika fəaliyyətinə birmənalı olaraq Azərbaycan KİV-lərindən başlamış, kosmopolitizmdən uzaq insanlar. Bizim üçün jurnalistika Həsən bəy Zərdabidən başlayır, Nəcəf Nəcəfovla yeni inkişaf mərhələsinə qədəm qoyur. Biz maarifçi kimi doğulan və milləti maarifləndirməyi bir missiya olaraq görən jurnalistika məktəbinin yetirmələriyik.

Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Nazir: "Prezident Sputnik-ə müsahibəsində Qarabağın statusu məsələsinə aydınlıq gətirib"

İlk baxışda bizə elə gəlirdi ki, dünyada dönüb-dolanan informasiya bazarı, media-biznesi, informasiyalarla işləmək və onları yönləndirmək bizə görə deyil. Biz heç ən yaxın qonşularımızla belə, rəqabət apara, hətta missiyamız olmasa belə, təhrik edildiyimiz informasiya müharibəsini doğru-dürüst yürüdə bilmirik. Biz hələ heç qardaş Türkiyənin ən öndə gedən imzalarına başa sala bilməmişik ki, məsələn, Heydər Əliyev 1988-ci ildə Azərbaycanda hakimiyyət başında deyildi, Qarabağın muxtariyyəti ləğv edilməmişdi və Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasına rəvac verən bu amil deyildi.

İndi biz Rusiya mediasında necə baş çıxaracaqdıq, Moskvadakı rəhbərliklə, oradakı texniki heyətlə necə anlaşacaqdıq?! Axı ruslara görə, biz azərbaycanlılardan ancaq meyvə-tərəvəz satan çıxır! İndi top bizdədir, onlara isbat etməliyik ki, bizdə tələb olunan səviyyədə jurnalistlər, İT mütəxəssisləri, intellektuallar var. İlk günlər Moskvadan gələn texniki heyət, az qala kompüterin necə idarə olunmasından başlamış xəbərin necə yazılmasına qədər kollektivə öyrətməyə cəhd edirdi.

Oleq Şedrov ilk təlimdə bizə, başda Reuters olmaqla dünyanın aparıcı KİV-lərinin informasiyanı çatdırmaq üsullarını izah edəndə biz də "Deutsche Welle", AFR, AP və digərlərinin informasiya təqdimatı modellərindən misallar gətirməyə başladıq. Adam mədəni şok keçirdi ki, axı azərbaycanlı jurnalistlər bunları haradan bilirlər?!

Bizim "infoqrafikanın atası" dediyimiz Elnur, build-editorumuz Anar, SMM menecerimiz Fərid, multimedia divamız Kamilla və başqa əməkdaşlarımız moskvalı həmkarlarına gözləmədikləri dərsi keçəndə, onlar azərbaycanlılar barədə yanlış düşündüklərinin fərqinə vardılar.

Biz bu iki il ərzində o təsəvvürləri dəyişməyi bacardıq. Sputnik Azərbaycan dünyadakı digər xablar arasında ən çox izləyicisi olan xab oldu. Azərbaycan prezidenti İlham Əliyevin Sputnik-ə müsahibəsi isə bizim dünyadakı digər Sputnik-lər (dünyanın 32 dilində) arasındakı nüfuzumuzu birə beş artırdı. Hələ onlardan heç biri mövcud olduqları ölkənin ali rəhbərliyi tərəfindən belə qarşılanmamışdı.

İlham Əliyev: "Sputnik Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir imkandır"

"Cənab Prezident, mən də öz növbəmdə bizim "Rossiya seqodnya" agentliyinə göstərdiyiniz dəstəyə görə minnətdaram. Bu gün Azərbaycanda və bütün dünyada biz "Sputnik" brendi altında təmsil olunuruq. Sizin bizim jurnalistlərin işi barədə hansı arzularınız, hansı təəssüratlarınız var?" – deyə şefimiz Dmitri Kiselyov İlham Əliyevə sual ünvanladığında, dövlətimizin başçısı məhz belə demişdi:

"Təəssüratlarım çox yaxşıdır, mən sizin Azərbaycanda işləyən əməkdaşlarınıza, bizim ölkəmizdəki hadisələri işıqlandırdıqlarına görə, minnətdarlığımı bildirmək istəyirəm. Sizin agentliyin Azərbaycanda fəaliyyətə başlaması, mən hesab edirəm ki, bizim ölkələrimiz arasında mövcud olan etimadın yüksək səviyyəsinin nəticəsidir. Çünki etimad olmasaydı, bu, mümkün olmazdı. Bu, həmçinin bizim haqqımızdakı həqiqətlərin bütün dünyaya sizin agentlik vasitəsilə çatdırılması üçün bir imkandır. Açığı deyim ki, bizim bunu etmək üçün Rusiya kimi informasiya imkanlarımız yoxdur. Biz sizin vasitənizlə öz ölkəmiz haqqında daha geniş danışa, öz mövqeyimizi bölüşə bilirik. Ona görə də, sizin agentliyin fəaliyyəti çox vacibdir. Mən şadam ki, siz burada fəaliyyət göstərirsiniz. Əminəm ki, sizin agentlik bundan sonra da indiki kimi, bizim ölkənin reallıqlarını obyektiv işıqlandıracaq".

Bu, Sputnik Azərbaycan-ın fəaliyyətinə verilən ən böyük qiymət idi.

Azərbaycan prezidenti İlham Əliyevin Sputnik-ə müsahibəsi - Sputnik Azərbaycan
İlham Əliyev: "Dağlıq Qarabağa dair məqbul güzəşt mümkündür"

Bu gün illərdir mediada olmasına rəğmən, cümlə qurub fikrini düzgün ifadə edə bilməyən adamların sırf şəxsi mənfəətləri naminə Sputnik Azərbaycan-ın kollektivini düşmən qüvvələrə işləməkdə günahlandırmağa cəhd etdiyini görürük. Öz aləmlərində Sputnik Azərbaycan-ı vurmağa, sıradan çıxarmağa çalışırlar. Bu ibtidai üsullar keçmişdə qaldı, cənablar. Bura kiçik ölkədir, kimin kim olduğu, harada nə etdiyi, qabiliyyətinin və qüdrətinin nəyə çatdığını hamı yaxşı bilir.

Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq üçün Rusiya kimi imkanları yoxdur və Sputnik Azərbaycan ölkəmizə məhz bu imkanı gətirib. Azərbaycan üçün yayılması, tirajlanması prinsipial olan heç bir informasiya Sputnik Azərbaycan-dan yan keçmir. Bizim imkanımız var ki, Rusiyanın bəzi KİV-lərində, eləcə də Sputnik-in digər xablarında ölkəmizlə bağlı yayılmış həqiqətə uyğun olmayan məlumatları təkzib edək və onun daha geniş arenaya yayılmasının qarşısını alaq. Başda Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev və baş redaktoru Mətin Yaşaroğlu olmaqla hər kəs bunu özünə borc bilir.

Kiselyov İlham Əliyevlə müsahibədən sonra redaksiyamızın əməkdaşları ilə danışanda dedi ki, "ölkənizin çox yüksək səviyyəli, savadlı, öz dövlətinə və xalqına son dərəcə bağlı olan, onu səmimi olaraq sevən ağıllı prezidenti var. Və mənə xoşdur ki, o, sizin fəaliyyətinizdən razıdır, Sputnik-in fəaliyyətini Azərbaycan üçün önəmli hesab edir. Hətta mənə dedi ki, "Sputnik sizin yox, bizim agentlikdir". İlham Əliyevdən bunu eşitmək çox xoş idi və çalışın siz də onun etimadını doğruldun. Başa düşürəm ki, obyektiv səbəblərdən sizin üçün işləmək çətin olacaq, regiondakı vəziyyətə baxış məsələsində digər xablardakı həmkarlarınızla fikir ayrılıqlarınız olacaq, amma sizin ölkənizin maraqları nəyi tələb edirsə, siz də onu edin və biz bu məsələdə sizin yanınızda olacağıq".

Olimpiya çempionu Radik İsayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sputnik Azərbaycan olimpiyaçılarımıza sosial şəbəkələrdə dəstək oldu

Məqsəd illərin nifrətini azaltmaq, buzları əritmək, münasibətləri istiləşdirməkdir. Biz 200 il ərzində bütün Rusiya xalqları ilə ortaq qədəri paylaşmışıq. İstəsək də, istəməsək də, bizi bağlayan tellər var. Bu gün Azərbaycanda çox az adam tapmaq olar ki, onun qohumlarının yarısı Rusiyada yaşayıb işləməsin. Rusiyada azərbaycanlı uşaqlar doğulur, ora soydaşlarımızın ikinci vətənidir.

Axı biz niyə oralarda yoxuq?!

Həmişə gileylənirik ki, niyə Rusiya telekanallarında, şou-biznesində ermənilər tüğyan edir, amma azərbaycanlılar yoxdur?! Onlar ancaq Rusiya bazarlarında meyvə-tərəvəz, göyərti satmaqla məşğuldur. Çünki bir erməni gedib Rusiya mediasına çıxanda az qala dünyadakı bütün ermənilər onlara dəstək olur, onları maliyyələşdirirlər ki, özümüzünküdür, qoy daim qabaqda olsun.

Amma biz nə edirik? Bir azərbaycanlı gedib elə mövqeyə çıxanda, dərhal başlayırıq onu anti-milli olmaqda, kimlərəsə satılmaqda günahlandırmağa. Əgər bu gün Sputnik Azərbaycan uşaq evlərindəki kimsəsiz uşaqları "Sən supersən" kimi MDB məkanın ən nüfuzlu vokal müsabiqəsinə çıxarırsa, onların PR-nı aparırsa, ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli idman yarışlarını, tədbirləri rusdilli məkana olduğu kimi təqdim edirsə, əməkdaşlarımız Murad Orucovun, Şahpəri Abbasovanın Azərbaycanla bağlı ən möhtəşəm fotoları başda Reuters, AP Images (Associated Press), VusualRian, Alamy olmaqla dünya KİV-lərində yayılırsa, bu, ölkəmiz adına yaxşı bir şey deyilmi?

Bu gün Azərbaycana axın edən rusdilli turistlərin Sputnik-də ölkəmizi təbliğ edən lonqridləri görərək redaksiyamıza zəng etdiklərini, bu yerlər, yeməklər, xalçalar və s. barədə soruşduqlarını, onların ölkəmizə turist olaraq gəlmələrinə nə qədər faydamızın toxunduğunu bilirsiniz? Bəs bölgələrimizlə bağlı materiallarımızı görüb Azərbaycanı tədqiq etmək istəyən, bunun üçün redaksiyamıza müraciət edən yapon mədəniyyətşünasları barədə necə?

Azərbaycanın tarixi yerləri, memarlıq abidələri, təbiəti, məişəti, mətbəxi, musiqisi, mədəniyyəti 300 milyon insan arasında məhz Sputnik Azərbaycan-ın vasitəsilə yayılır. Bizim davamız, bir az obrazlı səslənsə də, dolmadan, lavaşdan daha uzağa gedir. Biz Şuşanın həsrətini, Laçının yoxluğunu, Xankəndinin gerçək tarixini, Xocalı soyqırımını, torpaqlarımızın işğal tarixlərini rusdilli auditoriyaya olduğu kimi çatdırırıq.

Bu sahədə gördüyümüz işləri sadalamaqla bitməz, dostlar. Biz cəmi 2 ilə Azərbaycanda ən çox izlənən KİV-lər arasında ilk onluğa düşə bilmişik.

Rusiya-Türkiyə münasibətlərindəki incə xətt

Bizim üçün ən həssas məsələ həm də Rusiya-Türkiyə münasibətlərindəki incə xətti qoruya bilməkdir. Xatırlayırsızsa, Rusiya-Türkiyə münasibətlərinin tam yaxşılaşmaqda olduğu məcrada türk hərbçilər qəflətən Suriya sərhədində Rusiya təyyarəsini vurdular. Bu xəbər redaksiyaya bomba kimi düşdü. Biz hər şeyin yaxşılığa doğru getməsinə çalışarkən, tam bir "proval" (uğursuzluq) baş vermişdi.

Əlbəttə ki, redaksiyada hamı vəziyyəti obyektiv təhlil etməyə çalışırdı. Rusiya mediası birmənalı şəkildə Türkiyənin üstünə gedirdi, hətta Sputnik Türkiyə-nin özü belə. Və biz, Türkiyə mətbuatından daha çox Türkiyənin yanında olduq, yəni Azərbaycan dövlətinin tutduğu mövqeni dəstəklədik. Yanan ocağa benzin tökmək əvəzinə su səpməyə çalışdıq. Sözünün qüdrətinə inandığımız siyasətçiləri, politoloqları, ictimaiyyət nümayəndələrini bu münaqişənin daha da irəliyə getməməsi, vəziyyətin yumşaldılması istiqamətində prosesə cəlb etdik. O sırada bəndəniz də "Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur" ("Последний шанс для Турции и России") sərlövhəli bir yazı yazaraq Qərbin ögey münasibəti ilə üzləşən bu iki böyük dövlətin barışması, müttəfiqə çevrilməsinin tarixi zərurət olduğu fikrini müdafiə etdi.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin, media ictimaiyyətinin diqqətindən kənarda qalmış büstü ziyarət olunub - Sputnik Azərbaycan
Sputnik Azərbaycan-dan nümunəvi təşəbbüs

Bu yazıya həm Türkiyə rəhbərliyindən, həm də Kremldən pozitiv reaksiyalar gəldi. Ərdoğan vurulmuş təyyarənin pilotlarının ailəsindən üzr istədi, Putinlə görüşmək üçün Sankt-Peterburqa getdi və buzlar əriməyə başladı. Bu prosesdə Azərbaycan daha çox maraqlı görünürdü. Biz qardaşımızla tarixi qonşumuz arasında tikilməkdə olan körpüyə lazım olan daşları qoymuşduq.

Bizə atılan daşlardan bina tikəcəyik

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirilən bütün tədbirlər, videokörpülər ən keyfiyyətli şəkildə izləyicilərimizə çatdırılıb. Biz sosial cəhətdən əzilən təbəqə ilə dövlət qurumları arasında körpü olmuşuq. Küçələrə atılmış uşaqlardan tutmuş həbsxanadan çıxıb işsiz-gücsüz ortalıqda dolaşan gənclərə, xəstəlikləri ilə mübarizə aparanlardan tutmuş evləri sökülənlərə, yataqxanaları başlarına uçanlara qədər hüququ pozulan hər kəsin problemlərini gündəmə gətirməklə, məmurların qapılarını döyməklə insanlara yardım etmələrinə vəsilə olmuşuq. Sənətkarlardan, tarixi şəxsiyyətlərdən, müharibə veteranlarından, maraqlı peşə sahiblərindən, şəhid ailələrindən, atəş bölgəsində yaşayan insanların talelərindən tutmuş ölkədə baş verən kriminal hadisələrə qədər hər birinə fərqli prizmadan yanaşmışıq. Bir sözlə, biz məhz deyilməyənləri demişik və belə də davam edəcəyik.

Bizə atılan daşları geri qaytarmayacaq, əksinə, onlardan bina tikəcəyik. Başqalarının öz hirsindən, hikkəsindən bizə atdığı çamurlar yapışmayacaq. Baş redaktorumuz Mətin Yaşaroğlunun, redaktorlarımız Natiq Məmmədlinin, Tural Ağatlının, Yelena Starostinanın, Tahir Balıyevin, əməkdaşlarımız Fuad Əlizadənin, Fuad Paşabəylinin, Azər Rəşidoğunun, Ramella İbrahimxəlilovanın, Aleksandra Zuyevanın və başqalarının imzalarını Azərbaycan oxucusu illərdir tanıyır, oxuyur, sevir. Bu gün Azərbaycanın bütün bölgələrində gənc müxbirlərimiz çalışır. Məqsədimiz özümüzə yeni düşmənlər axtarmaq yox, düşmən olanı dosta çevirməkdir. Sputnik Azərbaycan fərqli platformadır və bu platforma məhz onun kollektivində olan insanların sayəsində 21-ci əsrin media standartları ilə ayaqlaşmağa çalışır. Hələ qarşıda gedəcəyimiz uzun bir yol var. Sadəcə, Sputnik Azərbaycan-ı oxuyun, gerisi təfərrüatdır…

Xəbər lenti
0