BAKI, 2 sen — Sputnik. Avqustun 10-dan başlayaraq üç həftə ərzində davam edən müsabiqədə hər bir istifadəçi iştirak edə bilərdi. Sputnik Azərbaycan-ın rəsmi səhifəsində yerləşdirilmiş ölkənin və idmançılarımızın yay olimpiya oyunlarında çıxış və nailiyyətlərinə həsr olunmuş suallara hamıdan tez və düzgün cavab verən hər kəsə olimpiyaçılarımızın imzası olan köynəklərə və redaksiyadan hədiyyələrə sahib olmaq imkanı yaradılmışdı.
Qeyd edək ki, orijinal köynəklərə öz imzalarını atanlar arasında Rio Olimpiadasının gümüş mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov və Olimpiya çempionu Radik İsayev də var. Müsabiqənin nəticələrinə görə hər həftəyə iki nəfər olmaqla altı nəfər qalib seçilib.
Mükafatları qaliblərə redaksiyada Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev və baş redaktoru Mətin Məcidli təqdim ediblər.
"Sputnik Azərbaycan idmançılarımızın Olimpiadada çıxışlarını geniş işıqlandırıb. Keçirilən müsabiqənin məqsədi isə oxucularımızın idman mövzusuna diqqətini cəlb etmək və yarışda mübarizə aparan idmançılarımıza dəstək vermək olub", — deyə Əziz Əliyev mükafatlandırma mərasimində qeyd edib.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.