BAKI, 21 iyul — Sputnik. Bu gün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü və Azərbaycan Mətbuat Şurası rəhbərliyinin iştirakı ilə, bu vaxta kimi ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalmış, Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin büstü ziyarət olunub. Ətrafında aparılmış abadlıq işlərindən sonra media təmsilçilərinin iştirakı ilə büstün qarşısına əklil qoyulub.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə əsası qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
"1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, bu, Azərbaycanda sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib", — MŞ sədri bildirib.
Ə. Amaşov bildirib ki, "Əkinçi"dən sonra maarifçilik ideyalarını təbliğ edən "Kəşkül" və "Ziya", "Kaspi", "Şərqi-rus", "Molla Nəsrəddin" kimi qəzetlər, jurnallar yaranıb: "Hazırda Azərbaycan mətbuatı azad və sərbəst şəkildə inkişaf edir. Ulu öndər Heydər Əliyevin mətbuat üzərindən senzuranı götürməsi tarixi hadisə olmaqla yanaşı, demokratik mətbuatın inkişafına təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir".
Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi olmaqla yanaşı, ölkənin ilk maarifçilərindən biri kimi tarixdə dərin iz buraxıb: "Sabah Azərbaycanın bütün media strukturları peşə bayramını qeyd edəcək. Bu səbəbdən, Sputnik beynəlxalq informasiya agentliyi Mətbuat Şurası ilə birgə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xatirəsini yad etmək istədik".
"1875-ci ildə o, Azərbaycanın ilk qəzeti olan "Əkinçi"ni yaradıb. Azərbaycan jurnalistikası məhz bu insanın — Moskva Dövlət Universitetinin məzununun sayəsində yarandı", — Sputnik Azərbaycan-ın rəhbəri bildirib.
Onun sözlərinə görə, Zərdabinin irsi indi Azərbaycanda mövcud olan azad və demokratik jurnalistikaya təkan verib: "Biz beynəlxalq agentlik olmaqla yanaşı, həm də Azərbaycan media məkanının bir parçasıyıq və milli mətbuatımızın yarandığı əlamətdar günü xüsusi şəkildə qeyd etməyə bilmərik", — deyə Ə. Əliyev qeyd edib.
O, həmçinin ümid etdiyini bildirib ki, Sputnik-in Azərbaycan mətbuatının inkişafına töhfə verəcək analoji tədbirləri bundan sonra da davam edəcək.