BAKI, 23 may — Sputnik. “Bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil: “Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər. İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl nəticələrə gətirib çıxarır. Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik. Biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq”.
Prezident İlham Əliyev qeyd edib ki, bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumlar çox yaxşı işləyiblər: “Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Mili Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək, bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün idman qurumları çox sıx əlaqədə işləyirlər və hesab edirəm ki, uğurlarımızın təməlində bu amil dayanır. İdmançılar üçün isə biz bütün şəraiti yaratmışıq. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarışı keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir. Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlib. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir – 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, — o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, — və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini təmin edibdir və xarici mütəxəssislər də bizə kömək göstəriblər. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul olub”.
Dövlət başçısı bildirib ki, açılış mərasimində İslam dininin mütərəqqiliyi göstərilib: “Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir. Bizim uğurlarımızın təməlində Vətən sevgisidir və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bakıda keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, — halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilib, — Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq”.