CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tam kimsəsizləşən rayon...

© Photo : STRKimsəsiz şəhər, arxiv şəkli
Kimsəsiz şəhər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xudata şükür, Gədəbəyə eyvallah, Şərura qurban olum

BAKI, 22 may — Sputnik. Şimali Çinin kimsəsiz səhralıqlarında Kanbaşi adlı şəhər varmış. On illik gərgin zəhmət hesabına salınmış bu yeni şəhərdə hər şey varmış — möhtəşəm hökumət binaları, muzeylər, opera teatrı, kitabxanalar, yaşayış binaları və sair.

Çinin Kanbaşı şəhəri kabus şəhər adını alıb - Sputnik Azərbaycan
Bu şəhərdə bir nəfər də olsun insan yaşamır

Lakin iş ondadır ki, bu şəhərdə bir nəfər də olsun, insan yoxdur. Bu səbəbdən "kabus şəhər" adını alan Kanbaşidə, əslində heç bir kabus-filan dolaşmır. Burada yaşayışın olmamasının yeganə səbəbi var – iş yerlərinin olmaması. Hökumətin bütün təşviqedici addımlarına baxmayaraq, iş yerləri olmadığı üçün heç kəs bu şəhərə köçmək istəmir.

Maraqlıdır ki, yaşayış binalarındakı mənzillərin çoxu alınıb. Onları başqa şəhərlərdə yaşayan çinlilər ikinci, üçüncü mənzil kimi alıblar. Hazırda bu şəhərin məskunlaşdırılması üçün xüsusi proqram həyata keçirilir.

Baxın, sonra da deyirlər ki, çinlilər qarışqa kimi millətdir – daşdan da pul çıxarır, gecə-gündüz dayanmır, özünə güzəran yaradır. Beş-on manatdan ötrü o gözəllikdə şəhərdə (üstəlik möhtəşəm hökumət binaları, muzeylər, opera teatrı, kitabxanalar, yaşayış binaları olan) yaşamaqdan qorxurlar.

Milyard yarım əhalidən 15-20 min qeyrətlisi tapılmadı ki, hər cür çətinliyə rəğmən, torpağına sahib çıxsın? Ölüm deyil, yavan çörək ye, qara su iç, amma mətin ol! Yurd-yuvana sahib çıx! Pekində, Şanxayda yaşayan qohum-əqrəbanız olmamış olmaz, yalvar-yaxar elə, arada 3-5 manat çörəkpulu göndərsin…

Amma biz beləyikmi? Əlbəttə, xeyr! Məsələn, Lerik rayonunun tam olaraq Kanbaşiyə çevrildiyini kim iddia edə bilər? Ya da Daşkəsənin "kabus rayon" adını almasına hələ nə qədər vaxt tələb olunur, bilirsinizmi?

Şəmkirin Şiştəpə kəndini Kanbaşidən önəmli bir fərq ayırır – bu kənddə əl-ayağı tutmayan qocalar və hətta bəzi evlərdə qadınlar hələ də yaşayırlar. Eləcə də, Lənkəranın Seyidəkəran kəndinin kişi əhalisinin 40 faizi hələ də mətanətlə öz doğma ocağının keşiyini çəkir.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstana ayaq bassanız, başınıza gələcəklərdən agah olun

Kanbaşi son 5 ildə istifadəyə verilib. Deməli, cəmi 5 ildir, bu şəhərdə iş yoxdur. Amma bizim gözəl Bərdəmiz müasir tarixin, ən azı son 30 ilini işsizliyə qarşı dirənişlə keçirib. Faktiki əhalisinin, təxminən 60 faizi indiyədək başını götürüb qaçmağı özünə sığışdırmır.

Bütün rayonlarımızın icra başçısı, polis rəisi, prokuroru və digər yerli strukturları var, çox şükür. İntensiv şəkildə kütləvi tədbirlər, iclaslar, anım günləri keçirir, heç bir əlamətdar hadisəyə rayon zəhmətkeşləri tərəfindən reaksiya göstərməkdə gecikmirik.

Kənd çayxanalarımızda gün ərzində insan əlindən tərpənmək olmur. Qocalı-cavanlı yığışır, müzakirə edir, bütün problemlərin öhdəsindən gələcəyimizə dair əminlik ifadə edirik. Bəzilərimiz ünvanlı sosial yardım ala bilmək üçün asan yollar axtarır, bu yardımı alanlarımızsa onun məbləğinin bir az da qalxması üçün dualar edirik.

Göründüyü kimi, rayonlarımızın əhalisinin əhəmiyyətli dərəcədə azalmasına, bölgə insanımızın müvəqqəti, yaxud birdəfəlik öz yurd-yuvasını tərk etməsinə, əyalətlərdən paytaxta və xaricə axın edənlərin sayının artmasına baxmayaraq, hələ ki, tam insansızlaşan, kimsəsizləşən rayonumuz yoxdur. Kanbaşini görüncə, Xudata şükür, Gədəbəyə eyvallah, Şərura qurban olum deyirsən. Sevindiricidir, çox sevindiricidir!

Xəbər lenti
0