BAKI, 22 may — Sputnik. "ABŞ körfəzdəki ərəb ölkələrini hər zaman İrana qarşı silahlandıracaq. Amma bölgədə nüvə silahlarının daha da yayılmasını heç vaxt istəməyəcək". Bu barədə Sputnik Azərbaycan-a Bakı Slavyan Universitetinin professoru Oqtay Sadıxzadə danışıb. Prezident Donald Trampın Səudiyyə Ərəbistanına səfərini dəyərləndirən professor, bu səfərin iki ölkə arasında son vaxtlar yaranan soyuqluğu aradan götürəcəyini bildirib:
"Amerikanın illik silah ticarəti dövriyyəsi 18-19 milyard dollar təşkil edir. İndi isə birdən-birə təkcə Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah satışı müqaviləsi imzalaması, artıq rekorddur. Üstəlik digər sektorlarda da çoxlu sayda sazişlər imzalandı. Bu sazişləri Tramp diplomatiyasının uğuru saymaq olar. Çünki ABŞ-a böyük məbləğdə vəsait cəlb edilib. Bu səfər Amerikanın Səudiyyə Ərəbistanı ilə arasında olan soyuqluğu götürdü".
"Sual olunur ki, ərəb ölkələrinə bu qədər silah nə üçün lazımdır? Biz burda Rusiya və İran faktorunu xüsusi qeyd etməliyik. Suriyada olanlara baxaq. Orada Bəşər Əsədə Rusiya və İranın böyük dəstəyi var. Körfəz ərəb ölkələri bundan ciddi narahatdır. Ona görə də Amerikadan güclü dəstək gözləyirlər. Heç şübhə yoxdur ki, paytaxt ər-Riyadda keçirilən sammitdə bu mövzu geniş müzakirə olunub. Sammitə ərəb dövlətləri ilə yanaşı Azərbaycan, Türkiyə, Pakistan, Malayziya kimi dövlətlər də dəvət alıb".
Oqtay Sadıxzadə bununla belə qeyd edib ki, Amerika körfəz dövlətlərini İrana qarşı silahlandırsa da, bölgədə nüvə silahlarının daha da yayılmasını heç vaxt istəməyəcək.
"ABŞ körfəz ərəb ölkələrini hər zaman İrana qarşı silahlandıracaq. Amma bölgədə nüvə silahlarının daha da yayılmasını Vaşinqton heç vaxt arzulamaz. Çünki bu, nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı beynəlxalq konvensiyanın şərtlərinin pozulması demək olar. Bu, həm də Amerikanın strateji maraqlarına cavab vermir".
Donald Trampın nə üçün ilk səfərini İsrailə yox, Səudiyyə Ərəbistanına etməsinin səbəbini isə professor belə şərh edib: "Bunun arxasında başqa səbəblər axtarmaq lazım deyil. Ər-Riyadda sammit keçirilirdi və o bu sammitə dəvət olunmuşdu. Tramp onsuz da İsrail meyllidir. O, Obamadan qat-qat artıq İsrail meyillidir. Ancaq bununla belə, prezident bir daha vurğuladı ki, Səudiyyə Ərəbistanı regionda ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. Burda da təəccüblü heç nə yoxdur. Amerika hər zaman Səudiyyəyə hərbi, iqtisadi, texniki və informasiya dəstəyi verib".
Mövzunu Sputnik Azərbaycana "ATLAS" siyasi araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da dəyərləndirib:
"ABŞ prezidenti Donald Tramp prezident vəzifəsində ilk xarici səfərini Səudiyyə Ərəbistanına reallaşdırdı. Halbuki, Tramp seçki kampaniyası dövründə həm müsəlmanlar, həm də Səudiyyə Ərəbistanı əleyhinə fikirlər söyləmişdi. Deyirdi ki, Amerikanın dəstəyi olmadan Səudiyyə Ərəbistanı bir gün də mövcud ola bilməz".
Şahinoğlu, Trampın seçki kampaniyasında nə deməsindən asılı olmayaraq onun Səudiyyə Ərəbistanına səfərinin uğurlu alındığını bildirib.
"Birincisi, Tramp ər-Riyadda dünya tarixində bənzəri olmayan böyük silah anlaşmasına imza atdı. Bu anlaşmaya görə, Amerika 10 il ərzində Səudiyyə Ərəbistanına astronomik məbləğdə – 350 milyard dollar civarında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Bu anlaşma Səudiyyə Ərəbistanının hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində əsas gücə çevrilməsinə şərait yaradacaq. Tramp üçün isə bu anlaşma onun xarici və daxili siyasətdə ilk böyük uğuru sayıla bilər. Çünki bu anlaşma hesabına Amerikanın gəlirləri artacaq və on minlərlə yeni iş yerləri açılacaq" — politoloq deyib.
"Trampın Səudiyyə Ərəbistanına səfərinin ikinci hissəsi Ərəb-İslam-Amerika Sammitində iştirak idi. Reallıqda isə söhbət ər-Riyadda “İslam NATO”su deyilən qurumun yaradılmasının təməlinin atılmasından gedirdi. Bu ideya Trampa məxsus deyil. Ondan əvvəl Barak Obama administrasiyası da bu ideyanı dəstəkləmişdi. Əslinə qalsa ideyanın müəllifi Malayziyanın keçmiş baş naziri Mahathir Muhammaddır. O bu təklifi 2005-ci ildə irəli sürüb. Daha sonra təşəbbüsü Səudiyyə Ərəbistanı ələ alaraq Malayziya baş nazirinin ideyasını reallığa çevirmək üçün praktik addımlar atmağa başladı" — Elxan Şahinoğlu əlavə edib.