BAKI, 18 may — Sputnik. London Yay Olimpiya Oyunlarının qalibi, güləş üzrə milli yığmamızın üzvü Toğrul Əsgərov İslam Həmrəyliyi Oyunlarından kənarlaşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb idmançının qanında dopinq aşkarlanması olub.
Toğrul Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərmanın cari ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Bu preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
Güləşçimiz 1 il müddətinə cəza alıb və bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
Məsələyə Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev münasibət bildirib. O, açıqlamasında deyib ki, yoxlama zamanı Toğrulun orqanizmində qara siyahıya düşmüş maddə tapılıb.
"Lakin özü bildirib ki, orada olarkən hər hansı başqa maddə və ya tibbi preparat istifadə etməyib. Həmin maddə Cənub Asiya ölkələrində bitən ekzotik meyvələrin tərkibində olur. O da bilməyərəkdən həmin meyvəni yeyib" — Musayev əlavə edib.
M. Musayev qeyd edib ki, Federasiya bunu Antidopinq Agentliyinə yazışmalarla sübut edib: "Biz bildirdik ki, bilməyərəkdən meyvəni istifadə etdiyi üçün orqanizmindən həmin maddə tapılıb və heç bir dərmandan istifadə etməyib. Nəticədə Agentlik Toğrulu minimal həddə cəzalandırıb və bir il müddətinə bütün oyunlardan kənarlaşdırıb".