BAKI, 11 may — Sputnik. Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə, bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu yarışlar əvvəlki illərdən iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib.
Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman qızıl medal və dünya kubokunu qazanıb.
Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artırır. Təmsilçimiz DİN-in Polis Akademiyasının V kurs kursantıdır.