BAKI, 5 may — Sputnik. Azərbaycanda doğulan uşaqların hər birinə müxtəlif xəstəliklərə qarşı peyvənd vurulur. Bu peyvəndlər insanları ağır xəstəliklərin fəsadlarından qorumaq üçündür. Amma bəzi valideynlər uşaqlara vurulan peyvəndlərdən sonra fəsadların baş verdiyini bildirirlər. Bəziləri isə ümumiyyətlə peyvənd vurdurmaqdan imtina edirlər.
Bəs, peyvənddən imtina nə dərəcədə doğrudur və hansı fəsadlara səbəb ola bilər? Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı mütəxəssislərdən münasibət alıb.
Səhiyyə Nazirliyinin (SN) baş pediatrı, K. Fərəcov adına Pediatriya Elmi-Tədqiqat İnstitutunun direktoru Nəsib Quliyev bildirib ki, peyvənd tibb aləmində 7-ci əsrdən tətbiq olunur: "Hələ bu günə qədər peyvəndə alternativ olan heç bir kəşf yoxdur. Peyvənd uşaqları xəstəliklərdən qorumaq üçün dünyada ən əlverişli, ən uğurlu tibbi prosedurdur. Tibb kitablarında yazılıb ki, peyvənddən istifadə etməklə hər il 3 milyon uşağın həyatı xilas olunur".
Həkim qeyd edib ki, valideyn uşağını risk altına atmamalıdır: "İstənilən tibbi prosedurda olduğu kimi peyvənd vurulanda da uşağın bədəni reaksiya verə bilər. Peyvəndin yeri şişə, qızartı verə, temperatur arta bilər. Bu da normal haldır. Uşağın bədəni peyvəndə reaksiya verir. Bundan qorxmaq lazım deyil".
"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Azərbaycan Səhiyyə Nazirliyinin təsdiq etdiyi peyvənd təqvimi var. Bu gün uşaqlara 11 yoluxucu xəstəliyə qarşı peyvənd vurulur. Bu da uşaqların inkişafı və gələcəkdə sağlam olmaları üçün mütləqdir" — deyə pediator əlavə edib.
Pediator Fazil Rəcəbov da deyib ki, bütün dünyada bu peyvəndlər qəbul edilib və hər yeni doğulan uşağa vurulur: "Peyvənd xəstəliklərə qarşı immunitet yaradır. Peyvəndin özü də xəstəliklərin yüngülləşdirilmiş versiyasıdır. Peyvənd uşağın bədəninə yeridilərək onda immunitet yaradır. Qızdırma, qızartı və bu kimi əlamətlərin olması normaldır. Hətta bəzi uşaqlarda allergik reaksiyalar da ola bilər".
"Peyvəndlərin vurulması uşağın sonrakı həyatında həmin infeksiyalardan və xəstəliklərdən qorumağa kömək edir. Səhiyyə işçiləri peyvənd vasitəsilə bir sıra xəstəliklərin qarşısını almasa, uşaqlar gələcəkdə bu xəstəliyə yoluxa bilər. Məsələn, Hepatit B və ya göy öskürək kimi bəzi xəstəliklər uşaqlar üçün qorxulu fəsadlara səbəb olar" – deyə Fazil Rəcəbov qeyd edib.
Pediator onu da bildirib ki, valideynlərin əksəriyyəti peyvənddən imtina edir, uşaqları xəstəliyə yoluxduqdan sonra həkimə müraciət edirlər: "Xüsusilə də, uşaqlar göy öskürəyə, hepatit B və qızılca kimi xəstəliklərə yoluxduqdan sonra valideynlər pediatorlara müraciət edirlər. Bu xəstəliklərə yoluxan uşaqlar zamanında müalicə olunmazsa, xəstəlik faciəyə səbəb ola bilər".
Həkim Rasif Bağırovun sözlərinə görə, peyvəndsiz yaşamaq çox təhlükəlidir: "Ona görə ki, peyvəndlər bir çox ağır xəstəliklərə qarşı hazırlanıb və kütləvi ölümlərin qarşısı alınır. İnsanlar hər gün bu xəstəliklərin viruslari ilə qarşılaşır, məhz peyvəndlər vasitəsi ilə bu infeksiyalardan qoruna bilirlər".
"Hepatit B xəstəliyinin 2000-ci ilə kimi peyvəndi yox idi. Çox uşaqlar bu xəstəliyə yoluxurdu və bu xəstəlik sağalmırdı. 2000-ci ildən sonra Hepatit B-nin peyvəndi Azərbaycana da gətirildi və uşaqlar dünyaya gələn kimi vurulmağa başladı. Bununla da minlərlə uşaq Hepatit B xəstəliyindən qurtulmuş oldu" – deyə həkim əlavə edib.
Rasif Bağırov valideynləri diqqətli olmağa və uşaqlara peyvənd vurdurmağa çağırıb.