BAKI, 2 may — Sputnik. Azərbaycan prezidentinin 2016-cı il 23 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3. maddəsinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qeyd edək ki, qanun 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib. Qanun tətbiqi bir çox banklarda çaşqınlıq yaradıb. Belə ki, bəzi banklar müştərilərin hesablarına yatırılan əmanətləri nağd şəkildə ödəməkdən imtina edir, bu vəsaitlərin ödənilməsi üçün müxtəlif sənədlər tələb edilər.
Belə bir problemlə Sputnik Azərbaycan-ın əməkdaşı da qarşılaşıb. Xidmət müqaviləsi ilə xidmət haqqı AFB Bankdakı VOEN əsasında açılmış hesabına yatırılsa da, əməkdaşımıza bankdan bildirilib ki, hesabına yatırılmış vəsaiti nağd şəkildə çıxarmaq üçün pulu göndərən orqanın dövlət müəssisəsi və ya dövlət payı olan müəssisə olub-olmaması araşdırılmalıdır və buna görə də xidmət müqaviləsinin surətini, pulu göndərən orqanın dövlət reyestrindən çıxarışını gətirmək lazımdır. Əməkdaşımız bankın tələblərini həyata keçirsə də, bankdan bildiriblər ki, müqavilə gün ərzində bankın "riskli əməliyyatlar departamenti" tərəfindən araşdırılacaq və ona məlumat veriləcək. Əməkdaşımız aradan bir neçə saat sonra yenidən banka müraciət edərək, hesabına köçürülmüş vəsaiti ala bilib.
İqtisadçı Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, belə məsələlərdə banklar ifrata varır: "Bildiyiniz kimi bu ilin əvvəlindən "Nağdsız hesablaşmalar haqqında" qanun qüvvəyə minib. Həmin qanunda deyilir ki, dövlət təşkilatları, dövlət orqanları və s. ödənişləri nağdsız olub. Yəni, onlardan nağd şəkildə pul çıxarmaq olmaz. Amma bunu sizin bankınız deyil, pulu göndərən tərəfin bankı araşdırmalıdır. Ola bilər ki, pulu köçürən tərəfin sənədləri sizdə heç olmasın. Bu, sizdə olmamalıdır. Sizin bankın davranışı qanunsuzdur. Çünki pulu göndərən bank artıq bütün yoxlamaları həyata keçirib".
İqtisadçı bildirib ki, hətta vergidən yayınma, qanun pozuntusu və s. hallar olsa belə bu, bankın deyil, vergi orqanlarının işidir: "Vergi yoxlamaları zamanı sizin və ya işlədiyiniz orqanın qanun pozuntusu olarsa, məsuliyyətə cəlb olunacaqsınız. Yoxsa bank hesabıma pul köçsün, bank bunu verməsin, bu, düzgün deyil. Bank sizdən sizin haqqınızda məlumat istəyə bilər. Çünki siz onun müştərisisiniz. Amma sizə pul köçürən haqqında məlumatı sizdən tələb etməsi qanunsuzdur".
Müsahibimiz qeyd edib ki, çox zaman belə problemlər bank işçilərinin savadsızlığından, yeni prosedurları yaxşı bilməməsindən irəli gəlir: "Maliyyə Bazarlarına Nəzarət Palatası Banklara qanunda olmayan çoxsaylı göstərişlər verir. Bəzi banklarda Maliyyə Bazarlarına Nəzarət Palatasının göndərdiyi məktublar düzgün başa düşülmür. Buna görə də bankın işçiləri qorxur və müştərilərdən aidiyyatı olmayan sənədlər tələb edirlər. Bu, tamamilə qanunsuzdur. Belə hallarda müştərilərə bankını dəyişməyi tövsiyə edirik".