BAKI, 27 aprel — Sputnik. Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü — valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, lisenziya almış rezident hüquqi və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları valyuta mübadiləsi fəaliyyəti göstərə biləcəklər.
Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçilərinə "Exchange"-lərin (valyuta dəyişmə məntəqələrinin) yenidən fəaliyyətə başlamasına necə baxırsınız?", "Exchange"-lərin yoxluğu nəyi dəyişmişdi?" sualları ilə müraciət edib.
Bəxtiyar Hacıyev: "Fərqi o olacaq ki, daha dollar dəyişmək üçün banklara gedib növbə gözləməyəcəyik".
Könül Cəfərzadə: "Banklar müştəriləri bezdirirdi, pul xirdalamaq üçün şəhərin bu başından o biri başına getmək lazım olurdu. "Exchange"-lərin olması rahatlıqdır".
Faiq Mahmudov: "Olmayan pulumuzla dollar almaq üçün banklarda saatlarla gözlədikdən sonra "dollarımız qurtarıb" sözünü eşitməkdən canımız qurtaracaq".
Murad Həsənzadə: "Exchange"-lər açılsa, valyuta bazarında canlanma olacaq, pul dövriyyəsi çoxalacaq, əhali banklardan dollar alanda rastlaşdığı əngəllərə rast gəlməyəcək, turistlər həftəsonu da valyuta dəyişə biləcək".
Orxan Kərimov: "Exchange"-lərin birdən bağlanması insanlarda xof yaranmışdı. Fikirləşirdilər ki, bəlkə bu yolla dollara olan istəyi azaltmış olarlar. Lakin "exchange"-lərin bağlanması hər şeyin tərsini göstərdi. Fikrimcə, düşünülməmiş bir addım idi".
Qurbanəli Ömər: "Ölkədə onlayn banklar və onlayn "exchange"-lər, iri onlayn ticarət və biznes şirkətləri yaradılmalıdır. Bizimlə eyni ildə müstəqillik əldə edən Ukrayna bu sektorda inkişafına görə hazırda dünya ikinci yerdədir".
Səbinə Kazımova: "Məncə "exchange"-lərin olması mütləqdir. İnsanların rahatlığını təmin edir. Bankların kassa xidməti saat 17:00, maksimum 17:30-dək fəaliyyət göstərir. Turistlərin ölkəyə tez- tez axınını nəzərə almalıyıq. Onlar axşam 18:00-dan sonra valyuta dəyişmək üçün nə etməlidirlər?"
Şəlalə Nəriman: "Məncə, olmalıdır, mən dolları xırdalamaq istəyəndə yer tapa bilmirəm".