Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Onları linç edilməkdən kimsə qoruya bilməz

Abunə olmaq
Ard-arda yaşanan iki proses ictimai qınaq barədə hansı həqiqətləri ortaya çıxardı?

BAKI, 17 apr — Sputnik. İctimai qınaq hər bir cəmiyyətdə tarazlığın pozulmaması üçün önəmli faktorlardan hesab olunur. Məsələn, ictimai yerdə ədəbsizlik edən şəxsin davranışı hüquqi məsuliyyət yaratmadığı məqamlarda, ictimai qınaq dövriyyəyə girir və həmin ədəbsizin cəmiyyətə daha artıq zərər verməməsi üçün vaksin rolunu oynayır.

Bakı şəhərindən bir görünüş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt əhalisi üçün 17 fevral zarafatı

Hərçənd ki, qalmaqallı "metroda öpüşmə" hadisəsində biz bunun xeyli dərəcədə əksini gördük. Çünki həmin münaqişənin tərəflərindən heç biri yüzdə yüz haqlı olmasa da, ən azından jurnalist o iki gənci ictimai əxlaqa dəvət etməyə (üslubu dartışmırıq) çalışırdı. Yəni həmin gənclərin ifrat mehribançılığı hələ hüquqi məsuliyyət yaratmadığı üçün, orta nəslin nümayəndəsi bu prosesin digərlərinin əxlaqında mənfi təsir buraxmaması üçün, ictimai qınaq metodundan yararlandı. Lakin ictimaiyyətin (daha doğrusu, sosial şəbəkə istifadəçilərinin) böyük bir kəsimi ictimai əxlaq amilinin yanında deyil, qarşısında səngər tutdu.

Keçirik məsələnin digər tərəfinə. Uzun müzakirələrdən (söhbət media və sosial şəbəkədən gedir, axı bizdə spiker demişkən, parlament müzakirə yeri deyil) sonra tütün məhsullarından istifadənin məhdudlaşdırılması barədə qanun layihəsi qəbul olundu. Gərçi, Prezident imzalamadan qüvvəyə minmiş hesab olunmur, amma deputatların mövqeyi bəlli oldu.

Mənim marağıma Milli Məclis üzvlərinin, ilk iclasın ilk oxunuşunda tələm-tələsik, heç bir hərfini dəyişmədən bu qanun layihəsinə "OK" demələri səbəb olmadı. Zatən, bizdə belə bir təcrübə yoxdur ki, əziyyət çəkib, katric sərf edib o boyda layihə hazırlayasan, ictimaiyyəti bunun keçəcəyinə dair hazırlayasan və gələ, millət vəkilləri onun qəbulunu onaylamaya. Onlar qəbul olunacaq duaya "Amin" deməyəcək qədər məlumatsız deyillər.

Məni xüsusilə heyran edən amil — KİV və sosial mediada siqaretdən istifadənin ifrat dərəcədə məhdudlaşdırılmasına verilən xeyir-dualar oldu. Tütündən istifadə edənlər də, etməyənlər də siqaretin zərərləri barədə gen-bol danışdılar, yazdılar. Mütəxəssis rəyləri, tibbi arayışlar, ekoloji tarazlığın pozulması barədə mühazirələr, nələr-nələr…

Milli Məclisdə plenar iclas - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis siqaret müzakirələrinə son qoydu

Cəmiyyətə ən böyük faydası çayxanada domino çırpıb, siqaret tüstülətmək olan Əliqulu da, içərisindən məlumatı olmadığı qanunun çoxdan qəbul olunmalı olduğunu bəyan etdi, həyat amalı pivə və siqaret olan Vəliqulu da. İçlərində üsyana qalxdılar, öz aralarında xısın-xısın qarğış etdilər, amma üzdə dəstəklədilər.

Çünki ictimai qınaqdan qorxdular. Xalqın faydasına olan, vətəndaşların zərərli vərdişlərdən uzaqlaşmasına hesablanan (hər halda belədir) bir addıma necə qarşı gəlmək olar?! Bu dalğanın önünə keçəni linç edilmək təhlükəsindən kimsə qoruya bilməz.

Deməli, bu iki hadisə (busə və tüstü) sübut etdi ki, ictimai qınaq heç də hər zaman yerinə düşmür. Üstəlik bəzi hallarda kampaniya xarakteri alaraq, kimlərinsə "əlinə oynayır". Birinci hadisədə əks məcraya yönəlməsi, ikincidə məqsədli şəkildə hansısa maraqlara xidmət etməsi ictimai qınağın doqma olmadığı həqiqətini ortaya çıxardı.

Məsələn, ictimai qınaqdan qorxmasaydım, deyərdim ki, siqaret çəkməyimə mane olan taksini, çayxananı, kafeni boykot edirəm. Yaxud sual edərdim ki, mənşəyi bəlli olmayan sürücülük vəsiqəsi ilə "avtoşluq" edib, Bakı-Sumqayıt yolunda insanların həyatına son qoymaq və buna göz yummaq cəmiyyət üçün daha zərərlidir, yoxsa ömrümüzü cəhənnəmə çevirən tıxacda pəncərəni salıb bir siqaret yandırmaq?

Siqaret çəkib-çəkmədiyimin kimsəyə dəxli yoxdur. Ən əsası, bu yazıda tütün təbliğatı aparmadığımı da tam səmimiyyətimlə bəyan edirəm. Dərdim odur ki, onsuz da, bu cəmiyyət özü-özünü tənzimləyir. Ölkədə tütündən istifadəyə icazə verilən ictimai iaşə obyektləri də var, icazə verilməyənlər də. Hər kəs də öz seçimini rahat şəkildə edir(di).

Yəni, ölkədə həll olunmalı olan bu qədər problem varkən, heç hənanın yeriydi?! Vardı hər yarağımız, qalmışdı saqqal darağımız…

Xəbər lenti
0