BAKI, 14 apr — Sputnik. Milli Məclisin bu gün keçirilən plena iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
H. Rəcəbli qeyd edib ki, son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb: "Bu göstərici hətta bir faizə çatıb. Aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkir. Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir".
Komitə sədri deyib ki, Azərbaycanın tütün məhsullarına xaricdə maraq çoxalıb və layihənin qəbulu tütünün istehsalını heç də azaltmayacaq. Layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, layihənin 12-ci maddəsi "Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği" adlanır. Həmin maddədə deyilir ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsirləri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidirlər. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla saat 08.00-23.00arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilir.
Həmin maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı tütün çəkilməsinin profilaktikası, tərgidilməsi, müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirir. Dövlət tibb müəssisələrində tütün çəkilməsinin müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Qanun layihəsinin 11-ci maddəsində deyilir ki, tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması, o cümlədən "İnternet" informasiya-kommunikasiya şəbəkəsindən, habelə tütün istifadəsinin dayandırılmasına və tütün asılılığının müalicəsinə şərait yaradan, səhiyyə sahəsində dövlət siyasətinin işlənib hazırlanması və normativ-hüquqi tənzimləmə funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılmış və fəaliyyət göstərən "qaynar xətlərdən" istifadə yolu ilə həyata keçirilir.
Həmin maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması sahəsində qanunvericiliyin pozulması məsələlərinə dair müraciətləri üçün "qaynar xətlər" yaradılması və ya "İnternet" informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutula bilər.