BAKI, 12 apr — Sputnik. Paytaxtın "Sovetski" kimi tanınan məhəlləsinin yaxınlığında yerləşən "Hacı Cavad" məscidinin sökülməsi xəbəri dindarların narazılığına səbəb olub. Bu gün günorta saatlarında əraziyə toplaşan dindarlarla polis əməkdaşları arasında gərginlik yaşanıb.
APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: "Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq".
S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: "Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də məscidin sökülməsinə münasibət bildirib. "Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm" — o deyib.
Əlavə edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə APA-ya açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin ərazidəki məscidlər ("Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb — red.) heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.
Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: "O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa, fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir".
M. Qurbanlı qeyd edib ki, Bakıda 134 məscid var: "Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir. Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.