CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İlahiyyat" məscidinin təmsilçisi: "İnsanlığını nə qədər itirəsən ki, Allah evini sökəsən"

© Sputnik / Irade JELILİlahiyyət məscidi
İlahiyyət məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda 24 ildir fəaliyyət göstərən, ölkənin ən böyük ibadət yerlərindən biri olan "İlahiyyat" məscidinin gələcək aqibəti aydınlaşdı

BAKI, 5 apr — Sputnik. Bir neçə gündür ki, KİV-də Yasamal rayonu ərazisində fəaliyyət göstərən "İlahiyyat" məscidinin bağlanması haqqında məlumatlar yayılır. İddiaya görə, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və son cümə namazı zamanı möminlərin ən sıx toplaşdıqları məscidlə bağlı qərar verilib. Bu qərara əsasən, ilkin olaraq cümə namazı qadağan ediləcək.

© Sputnik / Irade JELILFəaliyyətini dayandırmış Bakı Türk Liseyinin binası və İlahiyyat məscidi
Fəaliyyətini dayandırmış Bakı Türk Liseyinin binası və İlahiyyat məscidi - Sputnik Azərbaycan
Fəaliyyətini dayandırmış Bakı Türk Liseyinin binası və İlahiyyat məscidi

Sputnik Azərbaycan-ın əməkdaşı "İlahiyyat" məscidində olub və məscidin nümayəndəsi ilə yayılan xəbərlər barədə söhbət edib. Məscidin işçisi Məzahir Məhərrəmin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, məscid haqqında cümə günü xütbədə geniş məlumat verilib.

"Belə ki, məscidin sökülməsi, dağıdılması və ya yerində hər hansı bir obyektin tikilməsi yanlış məlumatdır. Məscid fəaliyyətini davam etdirir və yerində qalacaq. Məscidin işçisi kimi deyirəm ki, məscid fəaliyyətini davam etdirməsəydi, yəqin ki, indi biz burada olmazdıq. Namazlar vaxtında qılınır, insanlar ibadətə gəlirlər" — həmsöhbətimiz bildirib.

M. Məhərrəm qeyd edib ki, hazırda rayonlarda və Bakıda dini mədrəsələr açılır: "Əvvəllər onların sayı çox az idi. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, Bakı İslam Universiteti, Zaqatala İslam Universiteti və iki mədrəsə: Şəki İslam Mədrəsəsi və Əliabadda İslam Mədrəsəsi fəaliyyət göstərirdi. İndi isə onların sayının artırılmasına qərar verilib".

© Sputnik / Irade JELILKeçmiş Bakı Türk Liseyinin girişi
Keçmiş Bakı Türk Liseyinin girişi - Sputnik Azərbaycan
Keçmiş Bakı Türk Liseyinin girişi

"Bilirsiniz ki, ali təhsil ocaqları artırılan zaman burada kadrların sayı da artır. Məsələn, mən BDU-nun İlahiyyat fakültəsini bitirmişəm. Bir il ərzində oradan 45 nəfər məzun olur. Məzunların sayı artdıqca, onların praktika keçməsinə ehtiyac yaranır. İlahiyyat fakültəsini bitirən bir tələbənin praktikası təbii ki, məsciddə olmalıdır. Çünki cənazə namazı, cümə namazı, məscid ədəb-ərkanı, imamlıq, məsciddə hansı işlər görülür, imamət necə aparılır, axundluq necə aparılır — bu və digər işləri öyrənmək üçün bir yer lazımdır" — məscidin nümayəndəsi vurğulayıb.

"Ona görə də qərar verilib ki, bura QMİ-nin tədris korpusu olsun. Həmin məzunlar burada praktika keçəcəklər. Onlara axundluq, imamlıqla əlaqəli bilgilər veriləcək. Təcrübə toplayacaqlar" — o, əlavə edib.

M. Məhərrəmin dediyinə görə, cümə günü məscidə namaz qılmağa gələnlərin sayı 10 min nəfərə yaxındır: "Cümə günü namaz qılmağa gələnləri sayı həddən artıq çox olur. Bəzən məscidin həyətinə sığmır, yolu da tuturlar. Bu da istər-istəməz narazılığa səbəb olurdu. Hal-hazırda cümə namazının qılınmaması gündəmdədir. Təcrübə keçməyə gələnlərin rahat işlərini öyrənə bilmələri üçün cümə namazının qılınması sual altında qalır. Buna görə bəzi işlərdə camaatın sayının azaldılması istiqamətində planlar nəzərdə tutulur. Ancaq cümə namazının qılınıb-qılınmaması haqqında bizdə hələ ki, heç bir məlumat yoxdur. Çox güman ki, bu cümə bu barədə məlumat alacağıq".

© Sputnik / Irade JELILMəscidin birinci mərtəbəsinin girişi
Məscidin birinci mərtəbəsinin girişi - Sputnik Azərbaycan
Məscidin birinci mərtəbəsinin girişi

Məscidin nümayəndəsi son olaraq qeyd edib: "Məscid bağlanmayacaq, sadəcə mədrəsə kimi fəaliyyət göstərəcək. Mətbuatda yazıldığı kimi, yerində yeni binaların tikilməsindən də söhbət gedə bilməz. Məscidin sökülməsinə gəldikdə, gərək insan öz heysiyyatını, insanlığını o qədər itirə ki, Allahın evini sökə. Bunu heç bir müsəlman etməz".

Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) Sputnik Azərbaycan-a verilən məlumata görə, uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatı olmadan fəaliyyət göstərmiş "İlahiyyat" məscidinin idarəçiliyi QMİ-yə verilib: "Ölkəmizdə dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi — Tədris Mərkəzinin inşası nəzərdə tutulur. Bu tədris mərkəzinin elm məbədi — universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir".

© Sputnik / Irade JELILİlahiyyat məscidi
İlahiyyat məscidi - Sputnik Azərbaycan
İlahiyyat məscidi

"Dövlət başçımızın diqqət və yardımı sayəsində yaradılmış yeni islam kollecləri üçün müasir tələblərə cavab verəcək. Dinin elmi şəkildə tədrisi prosesinin təkmilləşdirilməsinə xidmət edəcək belə bir mərkəzin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq" — QMİ-dən bildirilib.

Qeyd olunub ki, hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır: "Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir".

© Sputnik / Irade JELILBakı Türk Liseyi və İlahiyyat məscidi
Bakı Türk Liseyi və İlahiyyat məscidi - Sputnik Azərbaycan
Bakı Türk Liseyi və İlahiyyat məscidi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Əliheydər Zülfüqarovun Sputnik Azərbayacan-a verdiyi məlumata görə, "İlahiyyat" məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək: "Məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir".

Ə. Zülfüqarovun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib. İlahiyyat məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin praktiki təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin "Tədris Mərkəzi"nin yaradılması da nəzərdə tutulub.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məscid Qafqaz Müsəlmanları İdarəsinin balansındadır və qəbul edilən hər hansı bir qərarın Baki Dövlet Universitetinə aidiyyəti yoxdur.

© Sputnik / Irade JELILMəscidin həyətdən görünüşü
Məscidin həyətdən görünüşü - Sputnik Azərbaycan
Məscidin həyətdən görünüşü

Xatırladaq ki, "İlahiyyat" məscidi Bakı şəhəri, Yasamal rayonunda yerləşir. 1993-cü ildə tikilmiş məscidin sahəsi 600 m2 təşkil edir və burada eyni vaxtda 1500 nəfər ibadət edə bilir.

Yeri gəlmişkən qeyd edək ki, məscidin yaxınlığında olan Türkiyə Diyanət Vəqfi də fəaliyyətini dayandırıb…

Xəbər lenti
0